“Forex” bazarında ABŞ dollarının Hindistan valyutasına (USD/INR) məzənnəsi 0.59% artaraq Bakı vaxtı ilə 11:11-də 88.83 rupi səviyyəsinə çatıb. Bununla da Hindistan rupisi öz tarixi minimumunu yeniləmiş olub. Əvvəlki rekord eniş 2025-ci il sentyabrın 11-də qeydə alınıb və 88.5 rupi təşkil edib.
“Reuters” bildirir ki, ABŞ-nin Hindistandan idxal olunan mallara tətbiq etdiyi əlavə məhdudiyyətlər və H-1B kateqoriyalı iş vizası üçün ərizələrin qəbulunu çətinləşdirməsi Hindistan valyutasına təzyiq edir.
Viza haqqının artırılması hindistanlı işçilərin ABŞ-yə getməsini yavaşıda, İT sektorunun gəlirliliyinə mənfi təsir göstərə bilər. Bu da nəticə etibarilə səhmlərə investisiya axınının azalması deməkdir, çünki xarici investorlar İT şirkətlərindəki paylarını yenidən nəzərdən keçirirlər.
Analitiklərin sözlərinə görə, rupi ilin əvvəlindən bəri 3.7%-dən çox ucuzlaşıb və Asiyada ən zəif dinamikanı nümayiş etdirir. Gözlənilir ki, o, digər Asiya və qlobal valyutalardan geri qalmağa davam edəcək.
“Bloomberg” yazır ki, Tramp ABŞ-də iş yerlərini qorumaq üçün miqrantların axınını məhdudlaşdırmağa çalışsa da, yeni qaydalar əks effekt verə bilər. Onlar ehtimal ki, Amerika korporasiyalarının xərclərini artıracaq və Hindistanda ofislərini genişləndirməyə vadar edəcək. Qeyd edək ki, “Microsoft”, “Google” və “Morgan Stanley” kimi şirkətlər Hindistanda böyük nümayəndəliklərə malikdirlər.
Sentyabrın 20-də ABŞ prezidenti Donald Tramp H-1B viza proqramının genişmiqyaslı islahatı barədə fərman imzalayıb. O, ərizələrin qəbulu üçün 100 min dollar rüsum nəzərdə tutur.
Qərar proqramdan həddindən artıq istifadənin qarşısını almaq üçün qəbul edilib. İslahat həmçinin H-1B proqramı üzrə ölkəyə girişi də məhdudlaşdırır.
“Australia and New Zealand Banking Group” məlumat verir ki, rupinin ucuzlaşması Hindistanın ticarət rəqabət qabiliyyətini artırmaq və ABŞ rüsumlarının mənfi təsirini kompensasiya etmək məqsədilə Hindistan Mərkəzi Bankının atdığı addımlarla dəstəklənir.