Hindistanda koronavirusla bağlı vəziyyət kritik səviyyəyə çatıb – hər üç gündə yoluxanların sayı 1 milyon nəfər artır.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir ki, bunun fonunda işsizlik nisbəti maksimum həddə yüksəlib.
Hindistan İqtisadiyyatının Monitorinqi Mərkəzinin (CMIE) məlumatına görə, ölkədə işsizlik səviyyəsi mart ayında 6.5%-dən aprel ayında 7.97%-ə yüksəlib. Analitiklər qeyd edirlər ki, bu cür artım hökumətin Covid-19 pandemiyası səbəbindən tətbiq etdiyi sərt məhdudiyyətlərlə əlaqəlidir. Hal-hazırda karantin rejimi təkcə paytaxtda deyil, eyni zamanda Hindistanın ən varlı əyalətlərindən biri olan Maharaştrada da mövcuddur. Orada gündə 60 mindən çox insanın koronavirusa yoluxur.
Karantin dövründə bütün özəl şirkətlərin işçiləri evdən işləyə biləcək. Adi rejimdə yalnız dövlət qurumları və “əsas xidmət təminatçıları” fəaliyyət göstərəcək. Ərzaq mağazaları, apteklər və zəruri malların evə çatdırılması xidmətlərinə icazə veriləcək.
Xatırladaq ki, buna oxşar bir vəziyyət 2020-ci ilin mart-aprel ayında müşahidə edilib. Onda ölkənin baş naziri Narendra Modi sərt karantin rejimi tətbiq edib. Nəticədə 122 milyon insan işsiz qalıb. CMIE-nin qiymətləndirmələrinə görə, 2020-ci ilin mayında Hindistanda işsizliyin səviyyəsi rekord 27.1%-ə çatıb.
Vəziyyətin pisləşməsi səbəbindən iqtisadçılar 2021-ci ildə Hindistanın iqtisadi inkişafı ilə bağlı proqnozlarını dəyişdirməyə başlayıblar. Analitiklər “yoluxma və ölüm hallarının sayı ilə bağlı qeyri-müəyyənliyin artdığını” bildiriblər.
Ümumilikdə, pandemiya başlayandan Hindistanda 20 milyon insan yoluxub. Baş nazir Modi ölkədə “koronavirus fırtınasının” başladığını qeyd edib. Hal-hazırda Rusiya, Böyük Britaniya, ABŞ və Almaniya Dehliyə tibbi yardım göndərir.