Azərbaycan hökuməti növbəti dörd il üzrə iqtisadi artım proqnozlarını açıqlayıb. Növbəti ildəki proqnozlarla artırsa da, 2027 və 2028-ci illər üzrə proqnozunu revisə edərək aşağı endirib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən təqdim edilən 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada qeyd edilib.
Belə ki, 2026-cı il üzrə iqtisadi artım proqnozu 2025-ci illə müqayisədə 2.8 faizdən 2.9 faizə artırlarkən, 2027-ci il üzrə 3.8 faizdən 3.3 faizə, 2028-ci il üzrə 3.3 faizdən 3.1 faizə endirərkən, 2029-cu il üçün 4 faiz təşkil edib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-2029-cu illər üzrə 65 ABŞ dolları olacağı fərz edilir. Proqnozlara əsasən 2026-cı ilin sonuna ÜDM-in həcminin 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi gözlənilir. 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDMin isə 4,9 faiz olacağı proqnozlaşdırılır. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 80,0 faizə çatacağı gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2026- 2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2029-cu ildə 123,2 milyard manata, xərclərinin isə 120,6 milyard manata qədər yüksəlməsi gözlənilir.