9 C
Baku
Friday, December 13, 2024

Hökumət bank sektoruna dəstək verəcək

Azərbaycanın bank sektoru üçün proqnozlar neqativ olaraq qalır.

Bu barədə Bakıda keçirilən “Moody’s” beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransında agentliyin MDB ölkələri üzrə vitse-prezidenti Mariya Malyukova deyib.

Onun sözlərinə görə, yaxın perspektivdə yenidən devalvasiya baş verməzsə, bank sektorunda müəyyən qədər sabitləşmə gözləmək olar: “2016-cı ildə Azərbaycanın ÜDM artımının 3,3% azalması gözlənilir. Manatın devalvasiyası bank sektoruna mənfi təsir edib: inflyasiyanı artırıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Büdcədə nəzərdə tutulan xərclərin, o cümlədən kapital qoyuluşlarının azalması bank sektoruna təsir edir. Biz kreditləşmədə mənfi tendensiyanı müşahidə edirik. Ölkənin makroiqtisadi vəziyyəti bank sektoruna mənfi təsir edir. Bu ilin I rübündə Azərbaycanın bank sektorunun kredit portfeli 9% azalıb”.

“Moody’s” nümayəndəsi Azərbaycanda dollarlaşma səviyyəsinə də toxunub: “Azərbaycanda 2016-cı ildə 4,5-5% kredit itkiləri proqnozlaşdırılır. Baş verən devalvasiyaya qədər xarici valyutada əmanətlərin həcmi 50% təşkil edirdi. Devalvasiyadan sonra xarici valyutada əmanətlərin həcmi 82% təşkil edib ki, bu da MDB-də ən yüksək göstəricidir. Dollarlaşmanın yüksək olması, aktivlər və passivlər arasında fərqi genişləndirir, valyuta risklərini artırır”.

Onun sözlərinə görə, agentliyin mütəxəssisləri hesab edir ki, dövlət bank sektoruna, xüsusilə də depozit portfelinin həcmi böyük olan banklara birbaşa dəstək göstərəcək.

-APA

Son xəbərlər
Digər xəbərlər