Məlumdur ki, Maliyyə Nazirliyi bu ildən etibarən daxili bazar üçün istiqrazlar buraxıb. Qiymətli kağızlar həm manat, həm də dollarda satılır. Bu prosesdə maraqlı nüanslar müşahidə edilməkdədir. Belə ki, dollar istiqrazları 3 faizi keçmədiyi halda, manatla olan qiymətli kağızlar artıq 20 faizi haqlayıb. Belə ki, mayın 17-də keçirilən hərraclarda dövlətin 1 illik qiymətli kağızların gəlirliliyi 20 faizə çatıb. Bu isə, kifayət qədər yüksək faiz deməkdir. Yüksək faiz isə riskləri artırır, kapital çatışmazlığı ilə üzləşən dövlət büdcəsinin yüklənməsinə gətirib çıxarır.
İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyev bildirdi ki, Maliyyə Nazirliyi istiqrazları dövlət büdcəsində kəsiri örtmək üçün buraxır. İstiqrazlar əsasən, manatla buraxıldığına görə, ona tələbat bir o qədər də yüksək deyil: “Buna baxmayaraq, istiqrazların alışı var. Bunun da əsas səbəbi faiz dərəcələrinin yüksək olmasıdır. Bu gün həmin istiqrazların illik gəlirliliyi əmanətlərin illik gəlirindən yüksəkdir. Banklara manatla yatırılan əmanətlərin ən yüksək həddinin 16 faiz olduğunu nəzərə alsaq, Maliyyə Nazirliyinin təklif etdiyi 20 faizi kifayət qədər yüksək saymaq olar”.
İqtisadçı burada iki məqama diqqət çəkir: “Birincisi, Maliyyə Nazirliyinin istiqrazlarının faiz dərəcələrinin yüksək olması bank əmanətləri üçün arzuolunmaz vəziyyət yaradır. Bu, əmanət bazarına təhlükə törədir. Yəni əhali vəsaitlərini istiqrazlara yatırmağa daha çox maraq göstərir.
İkincisi, burada dövləti izafi xərclərə salır. Bu vəsait büdcə xərclərinin ödənilməsinə yönəldiyi halda, digər tərəfdən yüksək faizlər büdcənin xərc yükünü artırır. Halbuki, həmin vəsaitlər borc olduğu üçün büdcə vəsaitləri hesabına qaytarılmalıdır.
Bu iki səbəbə görə deyə bilərik ki, Maliyyə Nazirliyinin istiqrazların faiz dərəcələrinin aşağı salınmasına çox böyük ehtiyac var. Bank sektoruna güvənin azaldığı bir dönəmdə dövlət tərəfindən yüksək faizli istiqrazın buraxılması müəyyən problemlər yaradır. Nəinki insanlar, hətta bankların özləri də kreditləşməni dayandırıb əllərindəki manatı həmin istiqrazların alınmasına yönəldəcək. Doğrudur, kredit faizləri istiqrazlardan daha yüksəkdir. Hazırda manatla istehlak kreditləri 29 faiz təşkil edir. Banka nə mane olur ki, 16 faizlə manat əmanəti cəlb edib, 20 faizlik dövlət istiqrazını almasın? Risklər isə sıfırdır. Bank heç bir xərc çəkmədən cəlb etdiyi vəsaiti kreditləşməyə deyil, istiqrazlara yönəldəcək. Ona görə də indiki məqamda yüksək faizli dövlət istiqarzlarının buraxılması düzgün addım deyil”.
İqtisadçı burada müəyyən riskləri də istisna etmir: “Azərbaycanda istiqrazlarla bağlı tarixdən çox da yaxşı olmayan bir hadisə var. Sovet dönəmində əhali tərəfindən alınan qiymətli kağızlar SSRİ-nin süqutundan sonra əllərdə qaldı. Müstəqillik vaxtında da maaş əvəzinə əhaliyə istiqrazlar verilirdi. Amma onun faizi aşağı, manat isə sabit deyildi. Ona görə də dövlət istiqrazlarına qarşı xoş olmayan xatirələr var. Ancaq indi iki seçim var: əmanət və istiqrazlar. Banka qoyulan 12 faizlik əmanətlərin tam sığortlanmasını dövlət üzərinə götürüb. 15-16 faizlik depozitlər isə sığortalanmır və tam riskli hesab olunur. Çünki onlara da dövlət zəmanət verir.
Doğrudur, haqlı narahatlıq var ki, birdən dövlət öz öhdəliyini yerinə yetirə bilməz. Bu halı istisna etmirəm. Amma hazırda ən etibarlı yatırım dövlət istiqrazlarıdır. Amma bu etibarlılıq bankların fəaliyyətinə ciddi təsir göstərir”.
BizimYol