İnsanların təqaüdü qazanclarından formalaşan vəsait hesabına formalaşacaqİşsizlər pensiya fonduna pul ödəyə bilməsələr, təqaüd yaşına çatanda hansı çətinliklərlə üzləşəcəklər?
Ölkə Prezidenti 2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı konsepsiyasını təsdiqləyib. Yeni konsepsiya nə vəd edir?
İqtisadçı ekspert Natiq Cəfərli islahatlar konsepsiyasını Azadlıq Radiosuna şərh edib. Onun sözlərinə görə ən böyük yeniliklərdən biri odur ki, fərdi yığım uçot sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. “Bunu sadə dillə ifadə etsək, adamların təqaüd təminatının onların qazanclarından formalaşan vəsait hesabına aparılmasını nəzərdə tutur. Yəni dövlətin bu prosesdə iştirakı minimuma endiriləcək. Nəzərdə tutulur ki, insanlar pensiya yaşına qədər işləyib pensiya fonduna bəlli bir vəsait ödəsinlər, təqaüdə çıxanda da yüksək pensiya ala bilsinlər. İkinci bir yenilik odur ki, əmək pensiyaların baza hissəsi əvəzinə, minimum pensiya məbləği təyin olunacaq”. Natiq Cəfərli belə izah edir ki, yəni əgər təqaüdə çıxmış vətəndaşın alacağı pensiya minimum pensiyaya uyğun gəlməsə, onda çatışmayan hissəni dövlət kompensasiya edəcək. Bu kompensasiyanın hansı mənbədən ödəniləcəyinə gəlincə, ekspert büdcə hesabına olacağını güman edir: “Ancaq fikrimcə, bu, az bir qismi əhatə edəcək. Yəni bu kateqoriyaya heç vaxt işləməyən adamlar aid ola bilərlər, işləyənlərin əksəriyyəti minimum pensiya məbləğindən artıq alacaqlar. Əlbəttə, hələlik konsepsiya ilkin tanışlıqdan çıxan nəticələrdir. Daha bir pozitiv addım odur ki, qeyri-dövlət təqaüd fondlarının yaradılması gözlənir. Biz illərdir ki, bu sistemin tətbiqini hökumətə tövsiyə edirdik”.
Natiq Cəfərli söhbətin özəl pensiya fondlarından getdiyini açıqlayıb: “Özəl pensiya fondlarının hansı qanunlar çərçivəsində olması çox vacibdir. Yəni gələcəkdə bu fondlar uğursuzluqla üzləşdikdə onunla müqavilə bağlayan şəxslərə ziyan vurmaması üçün güclü zəmanəti, sığortası olmalıdır. Ya da dövlət bazara iri xarici oyunçuları dəvət etməlidir. Amma inanmıram ki, hökumət xarici investorları dəvət etsin, çünki onlar iri maliyyələri ilə yerli rəqiblərini tez bir zamanda sıxışdırıb çıxaracaqlar”.
Özəl pensiya fondlarının pensiya təminatında faydalarına gəlincə, ekspert ilk növbədə işçilər üçün seçim imkanı olacağını qeyd edib: “Onlara edilən təklifləri dəyərləndirib ya dövlət pensiya fondları, ya da özəl fondlarla müqavilə bağlayacaqlar. Rəqabətli mühit yaransa, işçi bundan fayda götürəcək. Bundan başqa, dövlətin də müəyyən öhdəliyi olmalıdır. Məsələn, Türkiyədə işçinin hansı fondla müqavilə bağlamasından asılı olmayaraq, dövlət əlavə olaraq onun hesabına müəyyən məbləğdə bonus köçürür. Məsələn, sən pensiya fonduna 100 manat ödəyirsənsə, hökumət də bu məbləğə 25 manat əlavə edir”. Bu islahatların təqaüd portfelinə təsirindən danışan N.Cəfərli işləyənlərin, xüsusilə yaxşı maaş alanların təqaüdünün artacağını vurğulayıb: “Amma axı ölkədə minlərlə işsiz var, onlar pensiya fonduna pul ödəyə bilməsələr, pensiya yaşına çatanda hansı çətinliklərlə üzləşəcəklər? Bu məsələ konsepsiyada açıq qalıb. Çünki minlərlə adama minimum pensiya vermək pensiyaçıların problemini həll etməyəcək. Bir qənaətimi də bölüşmək istəyirəm. Bu konsepsiyanın ortaya çıxmasının səbəbi budur ki, ölkənin neft gəlirləri azalır. Ona görə də dövlət çalışır ki, məsuliyyəti öz üzərindən vətəndaşın üzərinə keçirsin. Əgər konsepsiyanın müsbət tərəfləri inkişaf etdirilsə, bu, yaxşı olacaq. Yox, əgər bütün yükü birbaşa vətəndaşın üzərinə qoymağa çalışsa, biz bu konsepsiyanın fəsadlarını görəcəyik”deyə ekspert bildirib.
BizimYol








Comments are closed.