Azərbaycanda hökumətin cari ilin əvvəlindən Pakistan düyüsünün idxalını tətbiq edilən gömrük rüsumundan azad etməsi idxala təsir edə bilib.
Banker.az xəbər verir ki, 2023-cü ilin ilk üç rübü ərzində Pakistandan 1 663 tona yaxın düyü idxal edilib. Bu, 2022-ci ilin eyni müddəti ilə müqayisədə 78 faiz çoxdur. İdxal edilmiş düyünün dəyəri 1 mln. 332 min dollar olub.
Azərbaycanın Nazirlər Kabinetinin Qərarına əsasən, Pakistan İslam Respublikasından idxal edilən həmin ölkə mənşəli düyü 2022-ci il dekabrın 31-dən 2027-ci il dekabrın 31-dək idxal gömrük rüsumundan azad edilib.
Buna baxmayaraq, Azərbaycanın idxalçı şirkətləri Hindistanın payını azalda bilməyiblər. Ötən ilin eyni dövründə ümumi düyü idxalında 74% payı olan Hindistanın payı cari ildə 86%-ə yüksəlib. Cari ildə Cənubi Asiya ölkəsindən 38 991 ton həcmində düyü idxal edilib ki, bu da 35 milyon 555 min dollarlıq idxal dəyəridir.
Ötən ildə Hindistan quraqlıq səbəbindən məhsul yığımının az olmasını və strateji ehtiyatlarını əsas gətirərək düyünün ixracına bəzi məhdudiyyətlər tətbiq edib.