Sement istehsalçısı “Holcim Azərbaycan” ASC 2023-cü ili 12 milyon 922 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ildə 6 milyon 613 min manat xalis mənfəət etmişdir ki, bu da illik müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.
Banker.az bu barədə şirkətin audit hesabatına istinad edir.
Ötən il “Holcim Azərbaycan”ın müştərilərlə müqavilələrdən gəlirləri 166 milyon 535 min manat (illik müqayisədə 14.4% çox), satışın maya dəyəri 86 milyon 131 min manat (12% çox) təşkil edib.
“Holcim Azərbaycan” 33 milyon 925 min manat paylama xərcləri, 16 milyon 833 min manat isə ümumi və inzibati xərclər çəkib.
31 dekabr 2023-cü il tarixinə “Holcim Azərbaycan” ASC-nin balansında 107 milyon 956 min manatlıq bölüşdürülməmiş mənfəəti mövcuddur. 2022-ci ildə bu göstərici 101 milyon 647 min manat idi.