2024-cü ildən Hollandiyanın Harlem şəhəri ictimai yerlərdə ətin reklamını qadağan edəcək. Bu, dünyada ilk belə təşəbbüsdür. Layihənin hazırlanmasına cavabdeh olan “GroenLinks” idarə heyətinin üzvü Ziqqi Klazes hesab edir ki, qadağa bütün ölkəyə şamil edilməlidir.
Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
Bildirilir ki, ət istehsalçıları avtobuslarda, dayancaqlarda və digər ictimai yerlərdə məhsullarını reklam edə bilməyəcəklər. “Söhbət insanların mətbəxdə hazırladığı ətdən getmir. Əgər ət yemək istəyirlərsə, buyursunlar. Lakin biz iqlim böhranının mövcudluğunu qəbul etməyə və insanları onu daha da gücləndirən məhsullar almağa təşviq edə bilmərik”, – Ziqqi Klazes söyləyib.
“Greenpeace”in araşdırması göstərir ki, Avropa İttifaqının 2050-ci ilə qədər emissiyaları sıfıra endirməsi üçün ət istehlakı ildə adambaşına 24 kq-a qədər azaldılmalıdır. Hal-hazırda Hollandiyada bu göstərici 75.8 kq-dur. O, Aİ-nin ən böyük ət idxalçılarından biridir.