17-ci əsrdə Hollandiyada zanbaq iqtisadi böhranı təsvir edilmiş və sənədləşdirilmiş ilk böhranlardan biri idi. Baş vermiş bu zanbaq böhranı “Wall Street 2” filmində də təsvir edilmişdir. Böhran 1634-1637-ci illəri əhatə etmişdi.
1634 – 1637-ci illərdə Hollandiyada baş vermiş böhranın tarixi mərhələləri:
1. Sakitlik dövrü.
İspaniya ilə azadlıq uğrunda uzun mübarizə şimali hollandiyalılar üçün qələbə ilə nəticələnir. Burjuaziya inqilabının qələbəsi Hollandiyanı iqtisadi münasibətlərdə Qərbi Avropa ölkələri sırasında ilk pilləyə çıxardı. Karl Mark bu zaman Hollandiyanı “XVII əsrin kapitalist ölkəsi üçün nümunə” adlandırırdı. Ölkənin əsas iqtisadi bazası genişlənmiş müstəmləkə və əcnəbi ticarət idi. Hollandiya əhəmiyyətli dərəcədə nəzərə çarpan inkişaf səviyyəsinə isə XVII əsrdə çatmışdı. XVII əsrin siyasət sistemi isə burjuaziyanın tam ağalığını təmin etmişdi.
2. Canlanma.
Zanbaqlar ətrafında yaranmış afiotaj təxminən 1620-ci ildən 1637-ci ilə qədər davam edir. Qiymətlər isə ən pik nöqtəyə 1634-1637-ci illərdə çatmışdı. Bəs nəyə görə milli miqyasda spekulyasiyanın əsas predmeti zanbaqlar idi? Bunu müasir dövrümüzdə hələ də anlamaq mümkün deyil. Bütün bir ölkəni iflasa məhz nəyin sürüklədiyini və bundan nə dərs çıxarmalı olduğumuzu aydınlaşdırmağa çalışaq. 1554-cü ildə Avstriya imperatorunun göndərdiyi səfir türk sultanının bağında gülləri görür. Bu güllər öz gözəlliyi ilə onun böyük heyrətinə səbəb olur. Səfir bu güllərin soğanağından bir neçə ədədini əldə edir və Vyanaya gətirir. Güllər dərman bitkiləri qismində Venesiya bağına gəlib çıxır. Bu bağa isə hollandiyalı botanik Klyuzius rəhbərlik edirdi. Klyuzisin ən böyük xidməti 1570-ci ildə Hollandiya şəhəri Leydenə zanbaq soğanaqlarını gətirmək olur. Bu zanbaqları sevən və qiymətləndirən insanlar sırasında Marşal Biron, Rişelye, Volter və fransız kralı XVIII Lüdovik də var idi. Zanbaq status simvolu idi və ali təbəqəyə sahib olmaq nişanəsi idi. Soğanaqlardan gözəl rəngbərəng güllər bitirdi. Bir neçə ildən sonra isə bu güllər gözlənilməz halda dəyişirdi.
Onun ləçəklərində müxtəlif çalarlarda zolaqlar əmələ gəlirdi. Yalnız 1928-ci ildə bunun xəstəlik əlaməti olduğu aşkarlanır. Lakin XVII əsrin sonlarında möcüzə baş verir. Belə ki, ləçəklər inanılmaz və daha parlaq çalarlara malik idi.
3. Çiçəklənmə.
İlk “partlayış”-ın yaranmasına səbəb 1612-ci ildə Amsterdamda 100 növ zanbaq şəkillərinin təsvir edildiyi “Florilegium” kataloqu olur. Yeni zadəganlıq simvolu ilə Avropanın kral əyanları da maraqlanmağa başlayır. Zanbaqların qiyməti inanılmaz dərəcədə yüksəlir. Bununla yaxşı gəlir əldə etməyin mümkün olduğunu görən əhali “zanbaq biznesi”-nə can atdı. Hər kəs belə düşünürdü ki, digər ölkələr də böyük həvəslə zanbaq almağa başlayacaq və qiymətlər daha da artacaq…
Bundan əlavə xarici ölkələrdən Hollandiyaya əcnəbi kapital axını başladı və burada daşınmaz əmlak və digər dəbdəbəli əşyaların qiymətini yüksəltdi. Ölkədə ikinci “partlayışa” səbəb isə 1633-1635-ci illərin vəba epidemiyası olur. Yüksək sayda ölüm halları nəticəsində ölkədə işçi qüvvəsi əhəmiyyətli dərəcədə azaldı. Sözsüz ki, belə olduqda əmək haqqları da yüksəldi. Əvvəllər heç vaxt zanbaq biznesi barədə düşünməyən insanlar belə fəal şəkildə evlərini, zinət əşyalarını, mal-qarasını və s.ni girov qoyaraq kredit götürür və bu pula zanbaq soğanaqları alır. Onlar bunları becərərək maksimal həddə gəlir əldə etməyi düşünürdülər.
4. Oyanma.
Çox da varlı olmayan insanları cəlb etmək üçün satıcılar nağd olaraq kiçik avanslar almağa və qalan pula girov olaraq satıcının əmlakını qoymağa başladılar. Məsələn, “Viceroy” zanbağının soğanağının dəyəri “2 loud (2,25 kubmetr) taxıl, 4 loud çovdar, 4 kök inək, 8 kök donuz, 12 kök keçi, 2 çəllək şərab, 4 çəllək pivə, 2 çəllək yağ, 1000 funt pendir, çarpayı, paltarla dolu şkaf və gümüş kubok – ümumilikdə 2500 florin idi”.
Amsterdam muzeyində saxlanılan bir əlyazmaya əsasən, 1634-cü ildə iki daş ev cəmi 3 zanbaq soğanağına satılmışdı. Cehizində zanbaq soğanağı olan qız ən sərfəli gəlin hesab edilirdi. Belə bir hadisə də məlumdur ki, “Brasseri zanbağı” növündən olan soğanağa bir pivəxana satılmışdı.
O dövrün valyutasını hazırkı ABŞ dollarına çevirsək görərik ki, o dövrün zanbaq soğanağı satıcılarının ayda təqribən 44000 dollar qazandığını görərik.
5. Yüksəlmə.
Zanbaqlar – mövsumi bitkilərdir. Zanbaq bumuna qədər may ayından oktyabr ayına qədər onunla ticarət edirdilər, zanbaq isə növbəti baharda çiçəkləyirdi. İndi isə “ölü” qış mövsümündə şitillərlə ticarət etməyə başladılar. Risk edəərk noyabr və dekabr ayında zanbaq şitili alaraq yazda onu 2-3 dəfə baha qiymətinə satmaq olardı. 1636-cı ilin sonunda məhsulun böyük bir hissəsi kağız üzərində, fyuçers müqavilələri ilə satılmağa başladı. Bu zaman kağız üzərində olan gülləri almağa risk edən insanlar tapıldı. Onların əsas məqsədi mövsümün başlanğıcında onları daha baha qiymətə satmaq idi.
6. Qırılma nöqtəsi.
İlk olaraq “problemin” fərqinə 1636-cı ildə vardılar. Zanbaq istehsalçıları və şəhər hakimləri ticarətin artıq yalnız kağız üzərində getdiyini gördülər. Elə onlar 1637-ci ilin əvvəlində alış-veriş səviyyəsini azaltmağı məsləhət gördülər. Qiymətlər dəhşətli dərəcədə enməyə başladı. Həm varlılar, həm də kasıblar zərərlə üzləşməyə başladılar. Prosesin əvvəlində olan insanlar çox yüksək qazanclar əldə etdilər. Prosesə sonradan qoşulan və vaxtında satmağı bacarmayan insanlar demək olar ki, hər şeylərini itirdilər.
7. Tənəzzül.
Əsas dilerlər kiçik hərraclar təşkil edərək vəziyyəti düzəltməyə çalışdılar. Alıcılar 1637-ci ildə bağladıqları müqaviləni dayandırmağa başladılar və 24 fevralda əsas zanbaq istehsalçıları Amsterdamda təcili görüşə toplaşdılar. Böhrandan əsas çıxış yolu belə idi: 1636-cı ilə qədər bağlanmış müqavilələr həqiqi hesab edilir, bundan sonrakı müqavilələri isə alıcılar 10% təzminat ödəyərək birtərəfli ləğv edə bilərdilər. Lakin Hollandiyanın Ali Məhkəməsi yaranmış vəziyyətdə əsas günahkarın zanbaq istehsalçıları olduğuna qərar verdi və onların təklifinə veto qoyaraq öz variantını bildirdi. Satıcılar məhsulu üçüncü bir tərəfə istənilən məbləğə satmaq hüququ əldə edirdi. Arada tam olmayan məbləğ isə müqavilənin bağlandığı ilkin insandan tələb edilirdi. Hökumət yaxşı bilirdi ki, burada konkret olaraq bir vətəndaşı günahlandırmaq düzgün deyil. Hər kəs günahkar idi. Ölkə üzrə xüsusi komissiya yaradılır və “zanbaq müqavilələri” ilə yaranan mübahisələri həll edirdi. Nəticədə satıcıların əksəriyyəti hər 100 soğanağa görə 5 florin almağa razı oldular.
8. Durğunluq
Hollandiya iqtisadiyyatının qeyri-zanbaq sənayesində – gəmiqayırma, kənd təsərrüfatı, balıqçılıq yaranmış üç illik durğunluq ölkəyə baha başa gəldi. Hollandiyanın XVII əsrdə yaşadığı böhranın miqyası 1998-ci ilin defoltu ilə müqayisə ediləcək həddə idi. Sonrakı müharibələr isə ölkəni daha pis vəziyyətə gətirərək Hollandiyanın ticari gücünün tənəzzülünü sürətləndirdi.
Böhranın nəticələri.
1636-cı ildə bir zanbağın dəyəri kiçik bir evin qiymətinə bərabər idi.
Bir il ərzində zanbaq soğanağının qiyməti min dəfəyə qədər enmişdi. Cəmi iki ildən sonra isə zanbaqlar heç kimə lazım deyildi.
1645-ci ildə zanbaq soğanağının qiyməti onun dəyərinin 1%-ni təşkil edirdi.