“Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası ilə bağlı son vəziyyəti açıqlayıb.
Qurum bəyan edib ki, xəttin layihələndirilmə və tikinti işlərini, həmçinin texniki nəzarəti Azərbaycan və Türkiyə şirkətləri yerinə yetirir.
dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km-dir. Layihə çərçivəsində Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd olmaqla ümumilikdə 9 stansiyanın inşası planlaşdırılır. Eyni zamanda bu istiqamətdə 300-ə yaxın suni mühəndis qurğusunun, o cümlədən 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücünün tikintisi nəzərdə tutulur.Dəmir yolu xəttində tikinti işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyə qədər 82 km ərazi minalardan təmizlənib.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
I mərhələ 30 km-lik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı, Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq işləri 97%, suni qurğular 93%, dəmir yolunun üst quruluşu elementləri isə 80% həcmində tamamlanıb. Bu mərhələ ümumi icra vəziyyəti 89% təşkil edir.
II mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edir və 30 km-dən 85 km-ə qədər ərazidə həyata keçirilir. Bu mərhələdəki işlərin ümumilikdə 17%-i icra olunub. Torpaq işləri 20%, suni qurğular 22%, dəmir yolunun üst quruluşu elementləri isə 5% yerinə yetirilib.
III mərhələ: Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür.
Prezident İlham Əliyevin ötən il fevralın 14-də təməlini qoyduğu layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.