HSBC analitikləri dolların zəifləyəcəyini gözləyirlər

“HSBC Asset Management” analitikləri ABŞ dollarının məzənnəsinin zəifləyəcəyini proqnozlaşdırırlar. Onların fikrincə, əlverişli makroiqtisadi göstəricilərə baxmayaraq dolların məhdud şəkildə möhkəmlənməsi enerji böhranları və geosiyasi qeyri-sabitlik səngidikdən sonra uzunmüddətli eniş trendinin başlaya biləcəyinə işarə edir.

863 milyard dollar həcmində aktivləri idarə edən fondun nümayəndələri qeyd edirlər ki, dolların bu ilki möhkəmlənməsi kifayət qədər zəif olub. Şirkətin baş strateqi Joe Littl bildirib ki, güclü daxili iqtisadi göstəricilərə və geosiyasi gərginliyin artmasına baxmayaraq dolların əhəmiyyətli yüksəliş göstərə bilməməsi onun yüksək qiymətləndirilmə səbəbindən həssas vəziyyətdə olduğunu göstərə bilər.

“Əvvəllər belə şərait dollar üçün daha güclü yüksəliş trendi yaradırdı. Deməli, nəsə dəyişib”, — deyə Littl müsahibəsində bildirib. “Bu səbəbdən hesab etmirəm ki, indiki vəziyyət ötən ildən ciddi şəkildə fərqlənir. Həmin dövrdə dollar ümumi tendensiyaya uyğun olaraq zəifləyirdi”.

Dolların ucuzlaşması inkişaf etməkdə olan bazarlar üçün mühüm dəstək amili hesab olunur. Bu, maliyyə şərtlərinin yumşalmasına və kapitalın daha yüksək gəlirlilik təklif edən aktivlərə yönəlməsinə kömək edir.

Fond meneceri hesab edir ki, bu proses xüsusilə dollarla müqayisədə hələ də aşağı qiymətləndirilən inkişaf etməkdə olan ölkələrin valyutaları və fond bazarları üçün müsbət təsir göstərəcək.

Bloomberg dollar indeksi ötən ay 0,6% artaraq əvvəlki itkilərinin bir hissəsini bərpa edib. Buna ABŞ iqtisadiyyatından gələn güclü statistik məlumatlar və inflyasiya təzyiqlərinin artması səbəb olub. Bu amillər isə Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən faiz dərəcələrinin artırılması ehtimalını gücləndirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər