Çinin “Huawei” şirkəti Böyük Britaniyanın Kembric şəhəri yaxınlığında mikrosxemlərin hazırlanması üzrə elmi tədqiqat mərkəzinin inşasını planlaşdırır. Mərkəzin əsas fəaliyyət istiqamətləri genişzolaqlı şəbəkələr üçün çiplərin hazırlanması olacaq.
Yeni mərkəz “Spicers” dəftərxana şirkətinin 1796-cı ildə tikilən baxımsız zavodunun yerində ucaldılacaq. Yenidən qurulacaq zavodun yerləşdiyi 220 hektar torpaq sahəsi 57,5 funt-sterlinqə satın alınacaq. Yerli sakinlərə bildirilib ki, 2021-ci ildə fəaliyyətə başlayacaq müəssisə 400 iş yerinin yaradılmasına imkan verəcək. Çin şirkəti, həmçinin bəyan edib ki, gələcəkdə yerli sakinlərin ehtiyac duyduğu tibb mərkəzlərinin və digər şəhər infrastrukturu obyektlərinin tikintisinin maliyyələşdirilməsi mümkündür.
Xatırladaq ki, “Huawei” şirkətində minə yaxın britaniyalı çalışır və onların təxminən 120-si Kembric şəhərində yaşayır. Ötən il şirkət 5 il ərzində ölkədə biznesin inkişafına təxminən 3 milyard funt-sterlinq investisiya yatırmaq niyyətində olduğunu açıqlayıb. Kembricdə elmi tədqiqat mərkəzinin tikintisi bu strategiyanın tərkib hissəsidir. “Huawei” nümayəndəsi qeyd edib ki, istehsalçı uzun müddətdir Kembric Universiteti ilə əməkdaşlıq edir. Yeni elmi tədqiqat mərkəzinin yaradılması şirkətə ali təhsil müəssisəsinin ən yaxşı məzunlarını işə qəbul etməyə imkan verəcək.
©ICTnews