18 C
Baku
Thursday, April 25, 2024

Hüquq və Robotlar arasında hansı əlaqə var?

Bəşəriyyətin müxtəlif mürəkkəb tipli robotların, androidlərin və süni intellektin (Sİ) geniş yayılan təzahürləri erasında dayandığını və sənaye və texnoloqiya aləmində insanın təsiri etmədiyi sahə qalmadığını nəzərə alsaq, qanunvericiliyin bu sahələrin təsiri altında təkmilləşdirilməsinə ehtiyac duyulduğu açıq-aydın görsənər.

Bu sahədə robotların təsiri ilə yaranan hüquq munasibətlərini müzakirə etməzdən əvvəl, robotların təyinat və ya klasifikasiyasını ehtiva edən elementləri nəzərdən keçirməyə ehtiyac vardır. Bu, bizə hansı tip robotlar barəsində danışıldığını anlamağa imkan yaradacaq.Bu elementlər aşağıdakılardır:

  • Ətraf aləmlə informasıyanın mübadiləsi zamanı, sensorlar vasitəsilə müstəqil qərarvermə və ya hərəkətetmə  bacarığı
  • Təcrübə keçmə zamanı tezöyrənmə bacarığı
  • Robotların fiziki forması ilə əlaqədar onların formalaşması və ətraf aləmə təsiri
  • Onun davranışının və hərəkətlərinin ətraf mühitə uyğun tənzimlənmə bacarığı

Yuxarıda adıçəkilən elementlər xüsusi tipli mürəkkəb robotları və androidləri ehtiva edirlər.

Bildiyimiz kimi, cəmiyyətimizdə yaranan bir cox risklər yuxarıdakı elementləri özündə ehtiva edən müstəqil hərəkət edən robotlarla əlaqələndirilir. Bu cür potensial risklər texnologiyanın inkişafı ilə daha geniş vüsət almaqdadırlar. Bu mövzunun qanunvericilik tərəfindən diqqət mərkəzinə alınmasının bir sıra səbəbləri vardır ki, onların sırasına insanların təhlükəsizliyi faktoru xüsusi diqqət mərkəzindədir. Robotun davranışında həm mülki, həm də cinayət hüquq münasibətlərinin təzahürləri vardır, lakin, bu yazıda daha cox mülki hüquq münasibətləri, başqa sözlə, müqavilə və müqavilədən kənar (delikt) öhdəliklərindən danışılacaq. Bu yazının məqsədi mülki hüquq öhdəliyi sahəsində robotların hüquq münasibətlərini tənzimləmək üçün hər hansı qanunvericilik insturmentinin hazırlanması təklifinin irəli sürülməsidir.

Belə ki, robotların müstəqil hərəkəti zaman (avtomobil, tozsoran, qayğıkeş robot, ictimai asayişin qorunması üçün istifadə edilən robotlar və s.) onun sistem kodunun yanlış işləməsi, robotun sisteminin pozulması və ya sıradan çıxması bir çox potensial zərərə və itkilərə səbəb ola bilər. Qanuvericilik həmin yaranan itkilərə və zərərə görə kimin məsuliyyət daşıyacağı və bununla əlaqədar robotların hansı hüquqi statusu malik olması kimi suallara birmənalı cavab verə bilmir.

Məsələn, əgər sizin tozsoran robot döşəməni təmizlədiyi zaman evdə olan hər hansı əşyanı sındırarasa, kimə qarşı iddia qaldırılmalıdır kimi sual yaranır; istehsalçıya, satıcıya, istehlakçıya və ya robotun özünə ?

Bundan başqa, bunun təsiri dolayı da görsənsə, insan hüquqları, robotların insanları həyatın bir çox sahələrində əvəz etdiyi zaman, ön plana çəkilə bilər, məsələn, qaygıkeş ana robotu insanın həyata keçirdiyi funksiyaları yerinə yetirdiyi zaman, insan hüquq və azadlıqları bu münasibətlərdən təsirsiz ötüşmür.

Sənayə və texnoloqiya sahəsində robotların və süni intellektin sürətli inkişafını və bununla bərabər yarana biləcək itkiləri və zərərin potensialını nəzərə alaraq, onların tətbiqi və ya istifadəsi zamanı bu cür problemlərin qarşısını almaq üçün artıq ABŞ, Yapaniya, Çin və Cənubi Koreya, habelə Avropa Birliyi qanunvericiliyin bu sahədə təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görməyə başlamışlar.

Yuxarıdakı suallara cavab tapmaq üçün ilk növbədə robotların hansı hüquqi statusa malik olması kimi məsələ araşdırılmalıdır.

Robotlar hüquqi subyekti kimi:

Robotların hüquqi subeykt kimi statusunun müəyyən edilməsi, onların hansı hüquq öhdəliklər sinifinə aid olduğunu, başqa sözlə, öhdəliklərinin klassifikasiyasını və süni intellektdəki statusunun müəyyənləşdirilməsi, hüquq sahəsində hüququn tamlığı və səffaflığı baxımında yuxarıda adıçəkilən subyektlər (istehsalçı, satıcı, istehlakçı və ya robot) üçün vacib əhəmiyyət daşıyan məsələdir.

Bildiyimiz kimi, hüquq hal-hazırda iki tip hüquqi statusu ayırd edir: subyekt statusuna və obyekt statusuna aid olunanlar.

Hüququn subyekti dedikdə, onun hüquq qabiliyyətinin olması, başqa sözlə, hüquq və vəzifələrə malik olması, hüquq və vəzifələr çərçivəsində fəaliyyət göstərməsi və s. kimi elementlər başa düşülür.

Hüququn obyektləri isə hüquq və vəzifələr daşımasalar və ya hüquq və kommersiya müstəvisində əmələ gələn münasibətlərin iştirakçıları olmasalar belə, iqtisadi dəyərə malik olurlar. Məsələn, əşyalar, heyvanlar və s. Obyektlərdən fərqli olaraq, yalnız subyektlərə qarşı iddia qaldırmaq olur.

Nəzərə alsaq ki, robotların obyekt statusuna malik olma ehtimalı daha çoxdur, sual yaranır:  hansı fiziki və ya hüquqi şəxsə iddia qaldırılmalıdır ?

Bu cür müstəqil robotların mövcudluğu hüquq subyektləri və obyektləri arasında fərqi daha da mürəkkəbləşdirir.

Müəllifin fikrincə, baxmayaraq ki, robotlar hüquqi subyektliyinə malik deyillər, onlar qanunauyğun və ya qanunazidd dizayn edilə və ya proqramlaşdırıla bilərlər.

Məsələn, robot avtobobili tıxac qaydalarına riayət edilməsi ilə bağlı proqramlaşdırıldıqda, müəyyən məqamda o qanunu başa düşür, baxmayaraq ki, qeyri-düşüncə qabiliyyətinə malikdir;

Və ya robotlar hər hansı qeyri-qanuni malların alınması üçün proqramlaşdırıldıqda, həmin malların alqı-satqısı robotlar tərəfindən həyata keçirələcək və ya əksinə olaraq onlar mövcud olan sistem vasitəsilə qeyri-qanuni hərəkət barədə siqnal alacaq.Təbii ki, yuxarıda göstərilən dizayn növləri yaradılan robotun məqsədlərinə uyğun olmalıdırlar.

Ümumiyyətlə, robotun hansı hüquqi statusa malik olması sualına birmənalı cavab tapmaq çətindir və bu yazının nəticə hissəsində bu məsələ ilə bağlı müəllif öz təklifini vermişdir.

Hüquq öhdəliyi:

Birmənalı olaraq belə bir fikir irəli sürülür ki, robotlar tərəfindən səbəb olan zərər və onun kompensasiyası mülkiyyətə vurulan zərərdən başqa, hər hansı digər zərər növünü və ya öhdəlik növünü məhdudlaşdırmamalıdır.Yəni, robotlar tərəfindən vurulan zərər öhdəlik hüququn bütün sahələri tərəfindən tənzim olunmalıdır.

Məlum olduğu kimi, ‘mens rea’-nın olub-olmaması zərər vuranı məsuliyyətdən azad etmir. Yəni, törədilən zərərdə qəsdin və ya niyyətin olmaması heç də mülki öhdəliyin və ya cinayət məsuliyyətin olmaması demək deyil. Bəs bu halda kim cavabdehdlik daşıyır ?

Principcə, sonuncu cavebdeh daşıyan müəyyən edildiyi zaman, onun öhdəliyi robota və onun müstəqilliyinə verilən instruksiyanın real dərəcəsinə mütanasib olmalıdır, belə ki, robotların öyrənmə bacarığı və müstəqilliyi daha geniş olduğu təqdirdə, tərəflərin öhdəliyi bir o qədər aşağıdır, robotun öyrədilməsinə daha cox vaxt sərf edilmişdirsə, onu öyrədənin öhdəliyi də bir o qədər çoxdur, və təbii ki, robotun davranışı ilə vurulan zərərin nəticəsində məsulliyyət daşıyan tərəf axtarılarkən, robotun əldə etdiyi bacarıqlar onun özünüöyrətmə bacarıqlarından fərqləndirilməlidir.

Bundan başqa, robotun qeyri-düzgün davranışı hansı mənbədən əmələ gəldiyi kimi məqamlar ayırd edilməlidir, məsələn, robot həmin davranışı istehsalçı tərəfdən aldığı bacarıqlar çərçivəsində etmişdir, yoxsa, digər mənbələrdən faydalanmışdır ?

Robot instruksiya edilərək hərəkətə gətirilir. Həmçinin, robotun sizin instruksiyanız olmadan hansı davranışı öyrənə bilməsi kimi məsələ də aydınlaşdırılmalıdır, məsələn, robot tozsaranın evdə hər hansı əşyanı sındırması zamanı insan faktoru arxa plana çəkilə bilər yoxsa yox ?

Gələcəkdə hazırlanacaq qanunvericilik instrumenti bu suallara cavab tapmaq üçün robotlar tərəfindən dəyə biləcək zərəri müəyyənləşdirmək üçün robotların zərərli davranışı ilə vurulan zərər arasındaki səbəbli əlaqəni özündə bir norma kimi ehtiva etməlidir.

Nəticə və Təklif:

Beləliklə, bu yazıda müəllif robotlara xüsusi statusun, başqa sözlə, üçüncü tip hüquqi statusun verilməsi təklifi ilə çıxış edir. Məhdud hüquq və vəzifələrin verilməsi yolu ilə robotlar xüsusi status ala bilərlər.

Bu cür status robotların hüquq və vəzifələrini hüquq münasibətlərinin birbaşa və ya məhdud şəkildə iştirakçıları olmaqla hüquqi norma çərçivəsində həyata keçirməyə imkan yaradır. Nə qədər gülməli səslənsə də bəzi avropa birliyi hüquqşünasları tərəfindən robotları insanlardan fərqləndirmək üçün onların əlinə qırmızı bayraq verilməsi və ya hər hansı digər vasitələrlə nişanlanması kimi təkliflərlə də çıxış edənlər olmuşdur.

Bildiyiniz kimi, heyvanlar hüququn obyekti statusuna malikdirlər, lakin onlar əvvəlcədən görə bilmədikləri hərəkətləri yerinə yetirə bilərlər.

Bəzən ev heyvanlarının sahibləri müxtəlif tipli təlimlərə göndərilir və bu zaman biz heyvanların törətdiyi hər hansı zərərlə bağlı onların sahiblərinin nə dərəcədə biliklərə malik olması və bu cür zərəverici hərəktlərin baş verməsi arasındakı səbəbli-əlaqə araşdırılır.

Anglo-sakson hüququnda ev heyvanları vəhşi heyvanlardan fərqləndirilir, onlar belə hesab edirlər ki, vəhşi heyvanlardan fərqli olaraq ev heyvanın edə biləcəyi hərəkəti onun sahibi  əvvəlcədən görə bilmə qabiliyyətinə malikdir və onların zərərverici hərəkətlərinə görə onların sahibləri öhdəlik və ya məsuliyyət daşıyırlar.

Əlbətdə, robotları heyvanlarla müqayisə etmək ağılasığılmazdır, heyvanlardan fərqli olaraq, süni intellektin həyata keçirəcəyi hərəkətlər barədə bizdə daha az hiss və təcrübə vardır.

O da qeyd edilməlidir ki, ‘Distributed autonomous organzations’ (DAOs) computer proqramlarında kodlaşdırılmış qaydalar əsasında fəaliyyət göstərən təşkilatdır və bü tip təşkilatların robotlara xüsusi status və ya üçüntü tip hüquqi statusun verilməsi üçün onların davranışlarının formalaşdırılmasında böyük təsiri vardır.

Bundan başqa, yuxarıda yazılanlardan aydın olur ki, robotların hərəkətlərini hüquqi öhdəlik münasibətləri çərçivəsində tənzimləmək çətindir. Bu səbəbdən xüsusi sığorta sisteminin və ya kompensasiya fondunun yaradılması arzuolunandır.

Əlbətdə, bu sığorta sxemi bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün daha böyük öhdəlik və ya məsuliyyət deməkdir. Bu sahibkarlıq sahəsi artıq müstəqil avtomobillərin və kiber-sığortanın yaratdığı risklərlə mübarizə ərəfəsindədir. Sığorta kompensasiyadan onun Süni intellekt üçün yaratdığı stimulverici hallara görə daha çox seçilir. Bu məsələnin hüquq, kompyuter və sığorta sahələri tərəfindən daha dərin tədqiq olunmasına ehtiyacı vardır.

Həmçinin, süni intellekt (proqram təminatı) və robotlar arasında da yaranan simmetrik problemlər nəzərə alınmalıdır. Çünki, bunlar sıx əlaqəlidirlər, robotların işlək hala gətirilməsində və müstəqil hərəkətində süni intellektin birbaşa danılmaz rolu vardır. Robotların daşıdığı öhdəlik üçün səmərəli mexanizm yaratmaq məqsədilə proqram təminatı ilə bağlı öhdəlikərin robotlarların hüquq münasibətlərindən irəli gələn öhdəliklərindən ayrılmaz olduğu əmin edilməlidir.

Beləliklə, cəmiyyətdə robotların bacarıqlarının daha da məhdudlaşdırılması, onların təhlükəsiz saxlanıılması sahəsində, mülki hüquqi zərərin, cinayətlərin qarşısını almaq üçün və sosial dəyərləri daha da möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirilə bilər. Bunun üçün daha mürəkkəb hüquq mexanizmin yaradalımasına, başqa sözlə, aşağıdakı tədbirlərin  həyata keçırılməsinə ehtiyac vardır:

a) icbari sığorta sxemasının hazırlanması – istehsalçılar, istehlakçılar və ya satıcılar tərəfindən zərər vuran robotlara qarşı tətbiq olunan qoruyucu mexanizm kimi.

b) robotların vurduğu zərəri sığorta qarşılamadığı təqdirdə, yaradılan kompensasiya fondu tərəfindən zərərin kompensasiya edilməsi, bundan başqa bu cüe kompensasiya fondu bir sıra maliyyə əməliyyatları üçün robotların marağı çərçivəsində, məsələn, investisiya, donasiya və ya digər maliyyələşdirmə üsülları vasitəsilə müstəqil robotların inkişafı və onların davranışının tənzimlənməsi sahəsində görüləcək tədbirlərdə çox faydalı ola bilər. Belə fond həm ümumi olaraq, həm də hər robot tipi üçün fərdi fond şəklində yaradıla bilər.

c) robotun qeydiyyatı zamanı onun hansı sığorta sistemi vasitəsilə tənzim olunduğu, kompensasiya fondu ilə əlaqəsini və digər detalların ayırd edilməsi üçün onların kodlaşdırılaraq qeydiyyata alınması.

d) robotlar üçün məhdud hüquq və vəzifələrin müəyyən ediılməsi yolu ilə xüsusi hüquqi statusun verilməsi.

Müəllif: Toğrul Quluzadə LL.M,  Bakı Hüquq Mərkəzinin baş hüquqşünası, Bakı Dövlət Universitetində Hüquq fakültəsinin müəllimi 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər