Azərbaycanda icbari avto-sığorta (və ya avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası – AVİSMİS) bazarında 2026-cı ilin I rübündə həm yığımlar artsa da, sektorun ödənişlərindəki yüksək artım zərərliliyi daha da yüksəldib.
Banker.az xəbər verir ki, 2026-cı ilin ilk rübündə sığorta şirkətləri üzrə ümumi yığımlar 42.2 milyon manat, ödənişlər isə 35.5 milyon manat təşkil edib. Bu, illik müqayisədə yığımların təxminən 4.5 milyon manat, ödənişlərin isə 8.4 milyon manat artdığını göstərir. Nəticədə, sektor üzrə zərərlilik əmsalı 71.8%-dən 84.0%-ə yüksəlib. Yəni ümumi olaraq sektor bu bazarda hər 100 manat sığorta yığımına görə 84 ödəniş etmək məcburiyyətində qalıb.
Bazarın lideri olaraq qalmaqda davam edən “PAŞA Sığorta” ASC 2026-cı ilin birinci rübündə 21.8 milyon manat yığım həyata keçirib. Şirkətin bazar payı təxminən 51.7% olub. 2025-ci ilin eyni dövründə isə yığım 12.2 milyon manat idi və bazar payı 32.4% təşkil edirdi. Beləliklə, lider şirkət bazar payını illik müqayisədə təxminən 19 faiz bəndi artırıb.
İkinci yerdə qərarlaşan “Atəşgah Sığorta” ASC yığımları 7.1 milyon manat, üçüncü yerdə olan “Qala Sığorta” ASC-nin yığımları isə 4.5 milyon manat olub.
Zərərlilik baxımından ən riskli şirkət “Meqa Sığorta” ASC olub. Şirkətin ödənişləri 2.7 milyon manat, yığımları isə 2.3 milyon manat təşkil edib ki, bu da 119% zərərlilik əmsalı deməkdir.
Qeyd edək ki, bazarda zərərliliyin artması fonunda Azərbaycan Respublikasının Mərkəzi Bankı icbari avto-sığorta sahəsində islahatları davam etdirir.
Tənzimləyici qurum tərəfindən “Bonus-Malus” sisteminin beynəlxalq təcrübəyə uyğun yenilənməsi ilə bağlı dəyişikliklər təsdiqlənib. Yeni yanaşmaya əsasən, mövcud sinif sistemi ləğv edilərək fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq.
Yenilənmiş mexanizmə görə, qəzasız sürücülər üçün sığorta haqqına hər il 5% güzəşt, qəza törədən şəxslər üçün isə hər hadisəyə görə 30% əlavə tətbiq ediləcək. Bununla yanaşı, bir neçə sürücünün olduğu hallarda ən yüksək riskli şəxsin əmsalı əsas götürüləcək.
Digər mühüm dəyişiklik isə ondan ibarətdir ki, əlavə ödənişlər artıq avtomobil sahibinə deyil, birbaşa qəza törədən sürücüyə tətbiq olunacaq.
Mərkəzi Bank bildirir ki, bu dəyişikliklərin əsas məqsədi daha ədalətli və risk əsaslı tarif modelinin formalaşdırılması və sürücülərin davranışına təsirin gücləndirilməsidir.
Qeyd olunan dəyişikliklər rəsmi dərc edildiyi tarixdən iki ay sonra qüvvəyə minəcək.








