8 C
Baku
Monday, November 18, 2024

İcbari avtosığortada yeni qayda – Burada hansı sığorta şirkətləri itirə bilər?

BANKER.AZ — Azərbaycanda icbari avtomobil sığorta bazarında 1 noyabrdan yenilik tətbiq ediləcək.

Həmin tarixdən başlayacaq qərarı isə iki ay öncə Azərbaycan Mərkəzi Bankı qəbul etdi. Qaydaya görə, Zərərlərin birbaşa tənzimlənməsi üzrə hazırlanmış qaydalar iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkənin icbari avtomobil* sığortası müqaviləsi bağladığı sığortaçıya birbaşa müraciət edərək sığorta ödənişini almasını və zərərçəkənin sığortaçısının öz sığortalısına həyata keçirdiyi sığorta ödənişinin zərərvuran tərəfin sığortaçısından subroqasiya formasında alınması qaydasını müəyyən ediləcək. Buna qədər isə qayda əksinə idi. Yəni “vuran” tərəfin sığortaçısı zərərçəkənin dəymiş ziyanını qarşılayırdı

Sığorta şirkətləri bu qayda tətbiq ediləndən sonra indiyə qədər buraxdığı səhvləri təkrar buraxmamaq məcburiyyətindədir. Yeni qaydaya bazarda yeni trend də formalaşdıra bilər. Bu bazarda böyük narazılıqlar sanki adi hala çevrilmişdi, problemlərlə yanaşı həm də zərərli bir portfel idi. Avtomobil sahibləri icbari sığortalarını seçərkən onlar sığorta edən şirkətin kim olacağına bir o qədər də önəm vermirdi. Çünki, hadisə başına gəldiyi halda onsuz da qarşı tərəfin sığortaçısının bu xərcləri ödəyirdi. Həmçinin, bu məsələdə də bəzi sığorta şirkətləri tərəfindən müştəri məmnuniyyətini ciddiyə alınmırdı. Nəticədə əziyyəti çəkən tərəf sürücülər olurdu.

İndi bu sual ortaya çıxır ki, yeni qayda müştərilərin “qara siyahısında” olan bəzi sığortaçıların portfelini kəskin təsir edə bilərmi?

Ölkədə əksər ekspertlər buna “bəli” olaraq cavab verirlər.

Onların fikrincə sığorta edən bu halda məcburi seçimi belə indiyə qədər adları məhkəmələrdə daha az hallanan, sosial mediada daha “süründürməçi” kimi hallanmayan şirkət olacaq. Nəticə etibarı ilə bu da sığorta yığımlarında sığortaçılar arasında böyük fərqlər yarada, hətta bəziləri bazarda rəqabətə davam gətirə bilməmək kimi problemlə üzləşə bilər.

“Sığorta şirkətləri bu növ sığortaya diqqəti yenə artıracaqlar” – deyə Banker.az-a bunu sığorta şirkətlərinin birində rəhbər müavini olmuş Əli Bağırov deyir.

O deyir ki, sığortaçılar gələcəkdə artacaq haqlardan həvəslənərək öncəki vaxtlarda buraxdıqları səhvi yenidən etməsinlər. Elə etməsinlər ki, portfel yenidən zərərlə işləməyə davam etsin. “Nəticədə də sürücülərin başında partlamasın”.

Sığorta ekspert qeyd edilən sahə üzrə requlyator Mərkəzi Bankın nəzarətinin daha da gücləndirilməsinə ehtiyac olduğunu deyir.

“Mərkəzi Bank və İcbari Sığorta Bürosu birgə əl-ələ verib nəticələrə canlı baxmalıdırlar. Canlı baxmaları – vaxtında müdaxilə edib vaxtında tədbir görmələrini nəzərdə tuturam. Yəni istəmirik ki, ayılıb görsünlər ki burada böyük bir problem var”- deyə, Ə.Bağırov bildirir.

Ekspertə görə, sığorta şirkətləri də bu nəzarəti hiss eləməlidir.

“AMB və İSB şikayətlərlə bağlı prosesi daha yaxşı idarə etməldirilər. Artıq bu sahədə bir keyfiyyət ortaya çıxmalıdır”- deyən ekspertlər, hazırda atılan addımları çox müsbət sayır.

Son xəbərlər
Digər xəbərlər