“İcbari sığortası olmayan sürücünün avtomobili hərəkətdən kənarlaşdırılaraq cərimə meydançasına qoyulacaq. Yalnız icbari sığorta bağlandıqdan və 50 manatlıq cərimə ödəndikdən sonra avtomobil sahibinə qaytarılacaq”.
Bu barədə nəqliyyat sahəsi üzrə eksperti Ərşad Hüseynov bildirib.
Onun sözlərinə görə, bununla bağlı çox yaxın gələcəkdə qanunvericiliyə dəyişiklik edilməsi gözlənilir. Artıq bununla bağlı qanun layihəsi də hazırlanıb.
Ekspertin sözlərinə görə, icbari sığortadan yayınma hallarının qarşısını almaq üçün indiyə kimi bir sıra addımlar atılıb: “Bu istiqamətdə ilk sərt addım artıq atılıb: 20 iyun 2014-cü il tarixdə icbari sığortanın olmamasına görə sürücülərə tətbiq olunan cərimə 10 manatdan 50 manata qaldırılıb.
İkinci addım icbari sığorta ilə bağlı elektron məlumat bazasının DYP-nin informasiya sistemi ilə inteqrasiyasıdır. Bu inteqrasiyadan sonra istənilən DYP postunda və ya patrul maşınında olan DYP əməkdaşı yolda hərəkət edən maşının icbari sığortasının olub-olmadığını biləcək. Bu texniki məsələ artıq tam həll olunmaq üzrədir”.