2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 98 ölkəyə məhsul ixrac olunmuş, 166 ölkədən idxal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10692,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 7283,1 milyon dollar, idxalın dəyəri 3409,7 milyon dollar təşkil etmiş, nəticədə 3873,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,8 faiz artmış, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 8,6 faiz, idxal 28,6 faiz azalıb.
Ticarət dövriyyəsinin 39,0 faizi Avropa İttifaqı ölkələri, 13,6 faizi MDB üzvü dövlətləri, 47,4 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxracın dəyərinin 23,1 faizi İtaliyaya, 11,7 faizi Türkiyəyə, 6,5 faizi Çinə, 5,5 faizi Rusiyaya, 5,0 faizi Portuqaliyaya, 4,5 faizi Gürcüstana, 4,0 faizi İsrailə, 3,8 faizi Kanadaya, 3,7 faizi Almaniyaya, 3,3 faizi Hindistana, hər biri 3,2 faiz olmaqla Tayvan (Çinin əyaləti) və Çexiyaya, qalan 22,5 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.
İdxal olunmuş məhsulların dəyərinin 19,4 faizi Rusiyanın, 16,8 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,7 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 4,0 faizi İtaliyanın, 3,7 faizi İranın, 3,3 faizi Birləşmiş Krallığın, 1,9 faizi Fransanın, hər biri 1,8 faiz olmaqla Qazaxıstan və Belarusun, 23,4 faizi isə digər ölkələrin payına düşmüşdür.
2017-ci ilin yanvar-iyun aylarında 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 26,8 faiz, real ifadədə isə 24,3 faiz çoxdur.
2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 73,1 faiz, təzə meyvə – 34,3 faiz, kartof – 50,6 faiz, tütün – 36,9 faiz, çay – 44,3 faiz, meyvə və tərəvəz şirələri – 91,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 21,5 faiz, polietilen – 1,9 faiz, pambıq lifi – 5,7 dəfə, qara metallardan borular – 0,1 faiz, bentonit gili – 3,9 dəfə artmış, şəkər ixracı isə 21,5 faiz, bitki yağları – 3,7 faiz, meyvə və tərəvəz konservləri – 4,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 15,7 faiz, emal olunmamış alüminium – 32,3 faiz, qara metallardan yarımfabrikatlar – 50,5 faiz, pambıq ipliyi – 34,6 faiz azalmışdır.
2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyun aylarında xam şəkər və şəkər idxalı 13,5 faiz, təzə meyvə – 10,9 faiz, quş əti və onun əlavə məhsulları – 2,0 dəfə, mal əti – 2,3 dəfə, minik avtomobilləri – 33,7 faiz, hesablama maşınları, blok və qurğuları – 86,0 faiz, qara metallardan çubuqlar – 15,9 faiz, rezin şinlər –50,5 faiz, mineral gübrələr – 4,1 dəfə, qara metallardan künclüklər – 36,6 faiz, məişət kondisionerləri – 13,8 faiz, paltaryuyan maşınlar – 96,5 faiz, yük avtomobilləri – 65,1 faiz, avtobuslar – 23,1 faiz artmış, buğda idxalı isə 35,2 faiz, bitki yağları – 36,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 0,4 faiz, kartof – 5,7 faiz, çay – 2,1 faiz, təzə tərəvəz – 46,4 faiz, polad prokatı – 1,4 faiz, qara metallardan borular – 66,5 faiz, mebel – 10,1 faiz, polietilen – 28,2 faiz, sement və sement klinkerləri – 93,6 faiz, məişət soyuducuları – 37,5 faiz azalmışdır.