Nazirlər Kabinetinin qərarı ilə idxal zamanı əlavə dəyər vergisindən (ƏDV) azad edilmiş məhsulların Azərbaycanda satışı və satış əməliyyatlarının ƏDV-yə cəlb edilməsi, vergi uçotu və bəyannamələrin doldurulması ilə bağlı müəyyən suallar yaranır. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.
Vergi Məcəlləsinə və digər aidiyyəti normativ hüquqi aktlara əsasən, idxalı ƏDV-dən azad edilən malların ölkədə satışı ilə bağlı aşağıdakı hallara rast gəlirik:
– bir çox malların həm idxalı, həm də satışı ƏDV-dən azad edilir;
– bəzi hallarda malların idxalı ƏDV-yə cəlb edilir, satışı ƏDV-dən azad əməliyyatlara aid edilir;
– müəyyən müddətdə malların idxalı ƏDV-yə cəlb edilir, satışı ƏDV-dən azad edilir, bir müddətdən sonra isə normativ aktlarda edilmiş dəyişikliyə əsasən həmin malların satışı da ƏDV-yə cəlb edilir;
– bu halın əksi olan əməliyyatlar da aparılır.
Göstərilən hallarda vergi ödəyiciləri ƏDV bəyannamələrini necə təqdim etməlidirlər? Həmin malların uçotu necə aparılmalıdır?
Qeyd edək ki, ilk iki hal üçün ƏDV-nin uçotu və hesabatlılıq sadədir. Vergi Məcəlləsinin 175.4.-cü maddəsində göstərilib ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.
Göründüyü kimi, ƏDV-dən azad edilən əməliyyatlarda malların, işlərin və xidmətlərin idxalı zamanı ödənilmiş ƏDV əvəzləşdirilmir və malların, işlərin və xidmətlərin maya dəyərinə və ya xərclərə daxil edilir.
Misal 1: “AA” MMC 10.000 USD (17.000 manat) dəyərində mal idxal edib və idxal zamanı 4.000 manat ƏDV ödəyib. Həmin malların satışı Vergi Məcəlləsinin 164-cü maddəsinə görə ƏDV-dən azaddır. Bu halda MMC 4.000 manatı əvəzləşdirməyəcək və həmin məbləği 17.000 manatlıq malların maya dəyərinə daxil edəcək.
Misal 2: “BB” MMC-nin idxal etdiyi malların idxalı da, satışı da ƏDV-dən azaddır. Bu halda heç bir əvəzləşmədən söhbət gedə bilməz və ƏDV-nin malların maya dəyərinə daxil edilməsi yolverilməzdir.
Misal 3: “AA” MMC misal 1-dəki əməliyyatları aparıb. İdxal etdiyi malların 10.000 manatlığını satıb, qalan 7.000 manatlıq hissəsini satanda normativ aktlara dəyişiklik edilib: həmin malların satışı 18% dərəcə ilə ƏDV-yə cəlb edilməlidir.
Bu halda 7.000 manatlıq mallar ƏDV-yə necə cəlb olunacaq?
Məsələyə sadə hesablamalarla baxaq. “AA” MMC malları idxal etdikdən sonra satış əməliyyatı ƏDV-dən azad edildiyinə görə 4.000 manatı malların maya dəyərinə daxil edir və malların maya dəyəri 21.000 manat olur:
17.000+4.000 = 21.000 manat.
Qalan 7.000 manatın payına düşən ƏDV məbləği isə:
(4.000:17.000) x 7.000 = 1.647 manat edir.
Artıq şirkətin qalıqda qalan 7.000 manatlıq malları satılan zaman əməliyyatın xarakteri dəyişilmiş sayılır. Əvvəl ƏDV-dən azad edilmiş əməliyyat dəyişiklikdən sonra ƏDV-yə cəlb edilən əməliyyat olub. Ona görə də MMC 7.000 manatlıq malı 18% dərəcə ilə ƏDV-yə cəlb edərək satacaq və idxalda əvəzləşdirilməmiş 1.647 manat ƏDV-ni əvəzləşdirəcək.
Bəs MMC bunu hansı formada edəcək və bəyannamədə necə əks etdirəcək?
Vergi Məcəlləsinin 163.1-ci maddəsinə əsasən, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:
– əməliyyatın xarakteri dəyişdikdə;
Məcəllənin 163.2-ci maddəsində isə göstərilib ki, vergi ödəyicisi bu Məcəllənin 163.1-ci maddəsində göstərilən hallardan birinin nəticəsində:
– ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud
– ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.
Beləliklə, “AA” MMC 1.647 manat məbləğində ƏDV-ni dəyişiklik qüvvəyə minən ayın ƏDV bəyannaməsinin “DƏQİQLƏŞDİRİLƏN” bölməsinin 325-ci sətrində əvəzləşdirilmənin artırılması kimi qeyd edəcək. Satış olduqda isə satışa görə ƏDV-nin hesablanmasını aparacaq. Bu halda vergi orqanları tərəfindən uyğunsuzluqlar müəyyənləşdirilə bilər və bu, müvafiq açıqlamalar ilə aradan qaldırılacaq.
Misal 4: Əvvəldən ƏDV-yə cəlb edilmiş və sonradan ƏDV-dən azad edilmiş əməliyyatlar misal 3-də göstərilən düzəlişin əksinə aparılacaq. Yəni əvvəldən 4.000-1.647 = 2.353 manat ƏDV əvəzləşdirildikdə sonradan həmin malların satışı ƏDV-dən azad edildiyinə görə qalan 1.647 manat məbləğində ƏDV malların maya dəyərinə daxil edilməlidir. Bu, ƏDV bəyannaməsinin 324-cü sətrində bərpa edilən ƏDV kimi göstəriləcək.