Beynəlxalq Enerji Agentliyi (IEA) əvvəlki proqnozunu dəyişib və qlobal neftlə mayeləşdirilmiş təbii qaz (LNG) tələbinin 2050-ci ilə qədər artacağını bildirib. Bu barədə təşkilatın illik enerji hesabatında qeyd olunur.
Sənəddə bildirilir ki, ssenari hökumətlərin hazırkı siyasətini nəzərə alaraq yenilənib. IEA-nın hesablamalarına görə, enerji tələbi bu günlə müqayisədə 15% artacaq. Əsrin ortalarına qədər neft tələbi sutkada 113 milyon barelə çatacaq ki, bu da 2024-cü illə müqayisədə təxminən 13% çoxdur.
Təşkilat həmçinin qeyd edir ki, qlobal LNG bazarı 2024-cü ildə təxminən 560 milyard kubmetrdən 2035-də 880 milyard kubmetrə, 2050-də isə 1 020 milyard kubmetrə qədər genişlənəcək.
Proqnozda o da vurğulanır ki, 2050-ci ilə qədər demək olar ki, bütün ssenarilərdə qlobal istiləşmə 1,5 dərəcə Selsi həddini aşacaq.








