5 C
Baku
Saturday, December 14, 2024

“IGB-nin ötürücülük gücü illik 5 mlrd. kubmetrə qədər artırılacaq”

ICGB AD boru kəməri konsorsiumu bu yay Yunanıstan-Bolqarıstan (IGB) interkonnektorunun ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün məcburi bazar sınaq mərhələsinə başlamağı planlaşdırır.

Bu barədə ICGB AD-nin icraçı direktoru və İdarə Heyətinin üzvü Corc Satlas (George Satlas) Yunanıstanın “Energypress” portalına müsahibəsində bildirib.

O qeyd edib ki, IGB-nin imkanlarının genişləndirilməsi bu layihənin inkişafı üçün növbəti addımdır: “Amma ICGB əvvəlcə bunu sonrakı mərhələdə – kommersiya fəaliyyətinə başlamasından bir neçə il sonra həll etməyi planlaşdırırdı. Lakin Ukraynadakı müharibə daha geniş regionda bütün strategiya və planları dəyişib. İndi Avropanın ümumi məqsədi Rusiyanın təsirini mümkün qədər məhdudlaşdırmaq, o cümlədən Rusiya təbii qazından istənilən asılılığı aradan qaldırmaqdır. Bunu nəzərə alaraq, IGB-nin ötürücülük gücünün illik 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılmasının sürətləndirilməsi ilə bağlı strateji qərar qəbul edilib”.

Onun sözlərinə görə, bazarın bu addımlara reaksiyasını daha yaxşı başa düşmək üçün bu proses keçən il başlayıb: “Məcburi olmayan mərhələ uğurlu olub və biz azı bir neçə il ardıcıl olaraq artan tutumun rezervasiyasına əhəmiyyətli marağın olduğunu göstərən nəticələri gördük. Bu, həqiqətən mənə nikbinlik üçün əsas verir. Məcburi bazar sınaq mərhələsi bu ilin iyul ayında başlayacaq, başa çatdıqdan sonra növbəti addımları müəyyən edə biləcəyik”.

C.Satlas vurğulayıb ki, konsorsium 2025-ci ilin dördüncü rübünə qədər kəmərin gücünü illik 5 milyard kubmetrə çatdırmaq üçün Stara Zaqora çıxış nöqtəsindəki qaz ölçmə məntəqəsinin modernləşdirilməsi üzrə işlərə başlayıb.

Onun sözlərinə görə, güman ki, IGB “Şaquli Qaz Dəhliz” layihəsi çərçivəsində genişləndiriləcək ilk kəmər olacaq: “Biz bir şirkət olaraq bunu başa çatdırmaqda maraqlıyıq. Boru kəmərinin bölgədəki mayeləşdirilmiş təbii qaz (LNG) terminalları, Trans-Balkan Boru Kəməri və Cənub Qaz Dəhlizindən təchizatlara çıxışı ilə sinerjisi sayəsində IGB unikal mövqeyə malikdir. Onun imkanlarının genişləndirilməsi regionun bütün ölkələri üçün daha çox yanacağa çıxış əldə etmək deməkdir”.

Xatırladaq ki, Yunanıstan-Bolqarıstan interkonnektoru Bolqarıstanı Cənub Qaz Dəhlizi ilə birləşdirir və “Şaquli Qaz” dəhlizinin bir hissəsidir. Boru kəməri yeni, çoxşaxəli mənbələrdən təbii qaza çıxışı təmin etməklə regionda enerji əlaqəsini və təhlükəsizliyi gücləndirir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər