25 C
Baku
Friday, April 19, 2024

İki və daha çox yerdə işləyənlərlə bağlı qanunda hansı hallar nəzərdə tutulub?

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

rauf
Rauf Qarayev

İzah: Maddənin 102.1.6-cı bəndinə baxaq. Fiziki şəxsin əsas iş yerində – əmək kitabçasının olduğu yer.

Əmək Məcəlləsinin 48.1-ci maddəsinə əsasən (Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər) əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Əmək Məcəlləsinin 58.1-ci maddəsinə əsasən (Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi) Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

Yuxarıda qeyd olunan ƏM 58.1-ci maddəsinə əsasən əmək kitabçasının saxlandığı yer əsas iş yeri sayılır. Əsas iş yerində də əmək haqqı alan işçiyə Vergi Məcəllənin 102.1.6 maddənin tələblərinə əsasən güzəşt tətbiq olunacaq.

Misal -1: “A” büdcə təşkilatında Rəşad adlı mühəndisinin əmək haqqısı 500 manatdır.

500 manat – 200 manat (güzəşt) = 300 *14% = 42 manat vergi tutulacaq

Misal – 2: “A” büdcə çalışan Rəşad “B” müəssisədə də çalışır. Əmək haqqısı 600 manatdır. Belə olan halda 600 * 14 = 84 manat vergi tutulacaq.

Qeyd: Özəl sahədə işləyən şəxslərdə əsas iş yerində güzəşt 8000 manatadəkdir. Yəni şəxs 8000 maaş alırsa ondan vergi tutulmur. Səbəb Vergi Məcəlləsinin 101.1-1 maddəsinin 2-ci cədvəli. Əlavə iş yerində isə Misal – 2 kimi vergi tutulur.

Şəxsin bir neçə güzəşti olduqda

Şəxsin bir neçə güzəşti olduğu hala Vergi Orqanına göndərilən sual və cavaba nəzərən baxsaq, izahını tam və aydın şəkildə  görmək olacaq.

 Mən iki yerdə müəllim işləyirəm və özüm də veteranam. Atam 1941-1945 müharibəsində iştirakçı olub, ” İgidliyə görə” medalı və “Qırmızı Bayraq ordeni” ilə təltif edilib. Bilmək istəyirəm ki, mənə nə qədər vergi güzəşti tətbiq edilməlidir və həmin güzəşt hər iki iş yerinə şamil edilir ya yox?

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.2.6-cı maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.7-ci maddəsinə əsasən, Məcəllənin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir. Yəni Siz sonuncu iki güzəştdən yalnız birindən, müvafiq təsdiqedici sənədi təqdim etməklə istifadə edə bilərsiniz.

Qeyd olunanlara əsasən, Sizin əsas iş yerinizdə muzdlu işdən əldə etdiyiniz gəlirlərdən 600 (400+200) manat çıxıldıqdan sonra qalan məbləğdən Vergi Məcəlləsinin 101.1-ci və ya 101.1-1-ci maddəsinə əsasən gəlir vergisi hesablanır.

Əsas olmayan iş yerində isə verilən əmək haqqının tam məbləğindən ümumi qaydada gəlir vergisi tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 102.2.7-ci, 102.7-ci və 102.8-ci maddələri,  Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Bir çox şəxsləri çaşdıran hissə Vergi Məcəlləsinin 101.1-2.  maddəsidir. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

İzah: Bunu belə izah etmək olar. Şəxs həm özəl sektorda işləyir, həm də büdcə sektorunda. Büdcə sektorunda güzəşt 200 manat, özəl sektorda 8000 manatadək güzəşt tətbiq olunur. Hesablama hər ikisində ayrı-ayrılıqda gedəcək. Əsas iş yeri büdcədir. Vergi güzəştlərinin əsas iş yerində tətbiq olunduğunu nəzərə alaraq, ikinci iş yerində əldə olunan gəlirdən vergi hər hansı güzəşt tətbiq edilmədən hesablanır.

P.S. Bir çox ekspertlər isə bunu təmamilə başqa formada izah edirlər. Misal:  Şəxs iki özəl təşkilatda işləyir. Biri əsas iş yeri, digəri əlavə iş yeridir. Əsas iş yerində 3000 manat. Əlavə iş yerində də 3000 manat maaş alır. Üst-üstə gəlsək 3000 + 3000 = 6000 manat edir. Özəl sahədə 8000 manata qədər güzəşt tətbiq olunur. Ekspertlər hesab edir ki, 6000-dən vergi tutulmayacaq. Səbəb maaş 8000 manatı keçməyib. 101-1-2 maddəni tələbini də bununla əlaqələndirirlər. Əslində bu yalnış fikirdi. Çünki güzəşt yalnız əmək kitabçanın saxlandığı yerdə aparılır. Digər yerdəki əmək haqlarının üst-üstə gəlinməsi səhv fikirdi. Hətta buna oxşar səhv nümunə  barədə Vergilər Nazirliyinin onlayn qəzeti olan vergiler.az saytının 2019-cu il oktyabr ayındakı hissəsində  qeyd olunub. Halbu ki, ekspertlərin fikirləri Vergi Orqanı üçün əsas sayılmır. Mənim qeydimə gəlincə buna oxşar numunə isə Vergi orqanın 10.01.2020-ci il tarixli qeydində sübut olaraq qeyd olunub. Yəni onlayn qəzetdə qeyd olunan fikirlər Dövlət Vergi Xidməti üçün əsas deyil. Əsas məsələ onların özlərinin fikirdir.

İqtisadçı-ekspert Rauf Qarayev.

Son xəbərlər
Digər xəbərlər