26 C
Baku
Wednesday, April 24, 2024

İkili standartlar, yoxsa ikiüzlülük?

İndiyə qədər Minsk qrupunun, Avropanın bəzi ölkələrinin hərəkət və fəaliyyətlərini müşahidə edərkən ümid edirdik ki, əvvəl-axır həqiqəti görəcəklər. Ümid edirdik ki, Avropa dövlətlərinin böyük əksəriyyəti erməni millətindən başqa digər millətlərə yuxarıdan aşağı baxan, ölkəsində ermənidən başqa digər millətlərə yer qoymayan, faşizmi, millətçilik və irqçiliyi təbliğ edən, işinə yarayanda Rusiyanın qarşısında, yaramayanda Qərbin qarşısında quyruq bulayan işğalçı Ermənistanın deyil, multikulturalizm və tolerantlıq prinsiplərinə sadik olan, işğala məruz qalan Azərbaycanın yanında yer alacaqlar. Bunu görmədikcə ikili standartlar deyirdik. Amma indi baş verənlər ikili standartlar deyil, ikiüzlülüklərdür. Nədir bu ikiüzlülüklər?

– Fransaya həmişə loyal münasibət bəsləyən, onun mədəniyyət, ədəbiyyat və irsinə hörmətlə yanaşan Azərbaycanı deyil, 40 gün ərzində Parisi tutub Fransız xalqını alçaldan, Fransanı ciddi dövlət hesab etməyən faşistlərə onların erməni nümayəndəsinin timsalında Yerevanda heykəl qoyan Ermənistanı dəstəkləməyin səbəbi nədir? Erməni lobbisinin təzyiqləri. Acaba, tarixi, böyüklüyü və qüdrəti ilə fəxr edən Fransa erməni lobbisinin təzyiqlərinə dözmür, yoxsa onun Prezidenti o lobbinin seçkilərdəki səslərini itirmək istəmir? Bunlara baxmayaraq həqiqətin üstünü örtməyə çalışmaq və yenə Ermənistanı dəstəkləmək ikiüzlülükdür;

– əgər demokratiya bir ovuc lobbinin səsini qazanmaq üçün işğalçını dəstəkləməkdirsə, bu demokratiya deyil, ikiüzlülükdür;

– əgər 30 il öncə dədə-baba torpaqlarından didərgin salınmış 1 milyon məcburi köçkünün hüququ, taleyi, insan haqları bu 30 ildə müdafiə olunmadısa, bunun hesabı Ermənistandan soruşulmadısa və indi qeyri-qanuni məskunlaşmış 50-100 min erməninin qaçqın düşməsi və haqlarının pozulması ilə bağlı bar-bar bağırırlarsa, bunun adı ikiüzlülükdür;

– Avropa Şurasının hansısa qətnaməsinin icrası üçün təzyiqlər olursa, Azərbaycandan bunun icrası dərhal tələb olunursa, amma ondan daha yuxarı qurum olan BMT qətnamələrini icra etmək bir yana, hətta icrası həyata keçirildikdə də buna mane olunursa, bunun adı ikiüzlülükdür;

– əgər bir ölkə öz ölkəsindəki milyonlarla müsəlmanın dini inancını təhqir edib, hətta dini dəyişdirmək lazımdır kimi absurd fikirlər səsləndirirsə və müsəlman ölkələrində xristian dininə mənsub bir şəxsin inancına, həyatına hər hansı təhlükə olduqda isə az qala ordusunu ayağa qaldırırsa, bunun adı ikiüzlülükdür;

– əgər bir ölkə Afrikanın yarısının təbii sərvətlərini talan edib, milyonlarla insanını qırıb, qul edib, genosidə uğradıb başqa ölkəni olmayan erməni genosidinə görə qınayır, həmin ölkəyə qarşı müxtəlif tədbirlər görürsə, bunun adı ikiüzlülükdür;

– əgər bir ölkə qana buladığı Suriyadan gələn qaçqınları öz ölkəsinə buraxmamaq üçün hətta güllə atırsa, amma milyonlarla suriyalını öz ölkəsində qəbul edib bəsləyən, milyardlarla dollar xərcləyən Türkiyəni insan haqlarını pozmaqda ittiham edirsə, bunun adı ikiüzlülükdür;

– multikulturalizm, tolerantlıq deyərək bar-bar bağıran bir ölkə bu dəyərlərə sadiq qalan Azərbaycanı deyil, bu dəyərləri 30 ildir çeynəyən, ermənidən başqa digər milləti qəbul etmək istəməyən Ermənistanı dəstəkləyirsə, bunun adı ikiüzlülükdür. Bu dəyərləri nə üçün vurğulayıram? Çünki, hazırda elə öz ölkələrində irqçilik, millətçilik ideyalarının baş qaldırmasını ən böyük bəla və təhdid hesab edən də elə həmin ikiüzlülülər siyahısına rəhbərlik edən ölkələrdir;

Bu ikiüzlülüklər siyahısını çox uzatmaq olar. Amma hələlik bu qədərilə kifayətlənək. Anlayan bu qədərini də anlayır.

P.S. Bir iqtisadçı kimi yox, bir şərqşünas kimi bir məsələni də xatırladım. Düzəliş etməyi təklif etdiyiniz İslam dini elmə qucaq açanda, adını eşidəndə xoflandığınız Osmanlı İmperiyası yəhudi və xristianlara qucaq açanda, onlara eyni hüquqları tanıyanda, sizin insan haqları və demokratiyadan dəm vuran dövlətlərinizin kilsələri alimləri inkvizisiya məhkəmələrinin hökmü ilə diri-diri yandırır, yəhudiləri isə əsrlər boyu təqib edib məhv edirdilər… Səlib yürüşlərini də həyata keçirən İslam dini olmayıb! Kimin kimə əxlaq dərsi keçməyə mənəvi haqqının olduğunu özünüz düşünün! Əgər ambisiya, özündən razılıq, şəxsi (seçkilərdə səs qazanmaq) maraqlarınız ədalət hissinizi və rasional düşünmə qabiliyyətinizi kor etməyibsə….

Müəllif: Elman Sadıqov

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər