6 C
Baku
Sunday, December 15, 2024

İkiqat təzyiq olsa da neft bu səviyyələrdə qala biləcəkmi?

Hazırda dünya iqtisadiyyatına koronavirusun təsirləri, dünya iqtisadiyyatında baş verənlər diqqət mərkəzindədir (bu başqa bir mövzudur). Lakin, neftin qiymətlərinin kəskin enməsi həm baş verən hadisələrlə, həm də Rusiya və Səudiyyə Ərəbistanı arasında razılığın pozulması səbəbindən hər 2 ölkənin atdığı addımların nəticəsində baş verdi. Səbəbləri:

  • neft qiymətləri indiyə qədər tələbin deyil, təklifin tənzimlənməsi vasitəsilə müəyyənləşdirdi. Tələb nisbətən (illik cüzi stabil artım da var idi) sabit idi və dəyişmək mümkün deyildi. Koronavirusun dünya iqtisadiyyatına təsirləri nəticəsində neftə olan tələb aşağı düşməyə başladı;
  • indiyə qədər itirilmiş bazar payını daha da çox itirmək təhlükəsi hiss edən Rusiya maliyyə bazarlarında baş verən ajiotajdan da istifadə edərək tamamilə əks addım atdı. (hasilatın nəinki gündəlik olaraq 1.5 milyon barel azaldılması təklifindən imtina etdi, hətta aprelin 1-dən etibarən OPEC+ çərçivəsindəki razılaşmaları da dayandırdığını bildirdi. Həmin razılaşmalar nəticəsində də gündəlik neft istehsalı 2016-cı ildən indiyə qədər 1.7 milyon azaldılmışdı);
  • hazırda Rusiyada aşağı inflyasiya həddi iqtisadiyyatın durğun vəziyyətdə qalmasına səbəb olur (bu fikir daha çox Rusiyanın yeni hökumətinə məxsusdur). Digər tərəfdən də, düşünülür ki, rublun ucuzlaşması ixracın artmasına səbəb olacaq və bu da qeyri-neft sektorunda istehsal və emal da daxil olmaqla iqtisadi aktivliyi artıracaq. Hər bir halda, digər ölkələrin də ixrac təzyiqindən yaxa qurtarmaq üçün gömrük siyasətləri mövcuddur (əlbəttə, Avrasiya Gömrük İttifaqına daxil olan Belarusiya, Qazaxıstan kimi ölkələr istisna olur və daha çox riskə məruz qalırlar);
  • Rusiya artan hasilatın düşən neft qiymətlərini kompensasiya edəcəyini düşünür;
  • Rusiya bu addım üçün xüsusilə son 2 ildir hazırlıq görürdü. Lakin, bu addımın sonradan gətirəcəyi əks sədaların tam olaraq hesablanmadığını düşünürəm;
  • şist neftin maya dəyərinin quyu və ştatlardan asılı olaraq 40-43 dollar ətrafında olması (bəzi yerlərdə 45-50 dollar) ABŞ-ın uzun müddət zərərlə şist neft hasil etməsinə imkan verməz;
  • ABŞ valyutasının (faizlərin 0% həddinə salınacağı ehtimalı artdı) ucuzlaş(dırıl)ması da neftin qiymətlərinin (ən azı 45 dollar həddinə) geri qayıtmasını şərtləndirən amillərdən biri olacaq;
  • koronavirusun təsirləri baxımından zamanlamanı müvəffəqiyyətli hesab etsələr də, əks təsirlərinin çox olacağını və yenidən danışıqlar stoluna geri qayıdacaqlarını düşünürəm;
  • Səudiyyə Ərəbistanı da gündəlik neft hasilatını artırmağı planlaşdırdığını bildirdi;
  • Səudiyyə Ərəbistanında şahzadələrin həbsi və saraydaxili çevriliş cəhdləri ilə bağlı söz-söhbətlər dolaşmaqdadır. Məhz bu söhbətlərdən sonra Səudiyyə Ərəbistanı hasilatı artırmaq və nefti hətta bazar qiymətlərindən də aşağı satmaq qərarına gəlir;
  • əslində bir-birlərinə qarşı addım atan bu 2 dövlət indiki vəziyyətdə ABŞ-ın güzəştə gedəcəyini, əks halda çətin vəziyyətə düşəcəyini də alternativ variant kimi düşünür. Çünki, neftin qiymətlərinin düşməsi neft şirkətlərinin səhmlərinin də düşməsinə səbəb olacaqdır ki, bu da birjalarda çöküşü daha sürətləndirər. Bu isə ABŞ iqtisadiyyatına təzyiq deməkdir;
  • Çində koronavirus səngiməyə başlasa da, İtaliyanın ¼ hissəsi karantin altındadır. İranda real vəziyyətin necə olması dəqiq deyil. 9 mart tarixinə son statistik rəsmi məlumat: 111 ölkədə 111.817 yoluxma olmuş, 3.892 nəfər vəfat etmiş, 62.722 nəfər isə sağalmışdır;
  • fevral ayının əvvəlində qeyd etmişdim ki, koronavirus Çində fevral ayında, dünyada isə mart ayında pik həddinə çatacaq. Apreldə səngiyəcək. Eyni fikirlərdə qalıram;
  • proqnozlar verilir ki, neft hətta 20 dollara düşə bilər. Lakin, bu baş versə də, çox ani olacaq. Bir və ya bir neçə günlük;
  • Rusiya və Səudiyyənin atdığı bu addıma qarşı ABŞ neftin qiymətlərinin daha da enməsini təmin edərdi, çünki, 30 dollardan aşağı qiymətlərə nə Rusiya, nə də Səudiyyə Ərəbistanının iqtisadiyyatları davam gətirməz. Lakin, ABŞ buna getmədən də məsələnin həll olunacağını düşünürəm;
  • neft qiymətlərinin hətta uzun müddət 30-35 dollar səviyyələrində qalacağı real görünmür. İndiki halda qiymətlərin 40-45 dollar ətrafında formalaşacağı daha real görünür;
  • Rusiya və Səudiyyə Ərəbistanının elan etdikləri bu qiymət müharibəsinə qarşı ABŞ-ın da imkanları mövcuddur. Rusiya topladığı qızıl, gümüş və digər qiymətli metallar ehtiyatına da arxayındır.
  • Lakin, həmin ehtiyatlar bir neçə aya tükənər;
    – vəziyyət stabilləşməsə ABŞ-ın cavab addımları atacağını düşünürəm. Təsəvvür edək ki, hər hansı iri neft ixracatçısı olan ölkəyə qarşı embarqo tətbiq olunur. Həmin ölkə neftini dünya bazarına çıxarmağa çətinlik çəkir. Bu variant mümkündür. O halda neft qiymətləri ən azı 50-55 dollar ətrafına qayıdar;
    – ən böyük risk koronavirusun yayılmasının davam etməsi nəticəsində turizm, hava yolları, xidmət sektorunun (hotel, hostel, istirahət mərkəzləri və sair) məruz qalacaqları ciddi zərərlər və iflaslardır. Nəticədə, neftə olan tələb azalır;

Düşünürəm ki, ölkəmiz panikaya imkan verməyəcək. Aşağıdakı bir neçə vacib məsələlərin həlli manata olan təzyiqi minimallaşdırmağa imkan verəcək. Dolların manata qarşı hazırki kursu (1.70) və aşağıda qeyd olunanlar manevr imkanları verir:

– “Əmanətlərin tam sığortalanması haqqında Qanun”un müddətinin uzun müddətə uzadılmasının Milli Məclisdə vaxt itirmədən təsdiqi; (Mərkəzi Bank birmənalı şəkildə bu müddətin uzadılmasını təklif etdiyini, Maliyyə Şurasında da məsələyə müsbət yanaşıldığını mətbuata açıqlamasında rəsmən bildirdiyi üçün məsələ aydındır. Sadəcə, Milli Məclisdə təsdiqi həyata keçiriləcəyi ehtimalı da çox yüksəkdir);
– ölkədən kapital qaçışının daha sərt tədbirlərlə qarşısının alınması;
– dövlət satınalmalarında yeni şəraitə uyğun tədbirlər planının hazırlanması;
– əhaliyə tələb olunan səviyyədə dollar satışının həyata keçirilməsi (kapital qaçışına imkan verilməsə, alınan valyuta onsuz da ölkədə qalacaq. Əhali tərəfindən alınan valyuta əhaliyə manat lazım olduqca tədricən yenidən banklara geri satılacaq);
– devalvasiyaya qarşı ölkənin mövcud olan imkanlarının (qızıl-valyuta ehtiyatları + ölkənin borclanma imkanlarının (borclanmaya ehtiyac duyulacağını düşünmürəm. Ən pis halda, lazımi xarici valyutanını cəlbi üçün)) əsaslandırılmış şəkildə əhaliyə çatdırılması;
– bütün bunlara paralel olaraq islahatların davam etdirilməsi.

Bu həftə ərzində proseslərin ciddi təhlili və müşahidələr neftin qiymətləri ilə bağlı vəziyyəti daha da aydınlaşdırmağa imkan verəcək.

Müəllif:
Elman Sadıqov

Son xəbərlər
Digər xəbərlər