“Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib”.
Bunu Azərbaycan Prezidenti İlham ƏliyevHeydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində deyib.
Dövlət başçısı ölkəmizin iqtisadi uğurlarından danışaraq diqqətə çatdırdı ki, iqtisadiyyatımızın şaxələndirilməsi davam edəcək: “Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizi, Aralıq dənizi, Asiya ilə Avropa birləşdirilir. “Cənub Qaz Dəhlizi” layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac və tranzit potensialını genişləndirəcək. Həmin dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda, qonşularımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir. Prezident İlham Əliyev Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirildiyini söyləyərək deyib ki, 250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib: “Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub”.
Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək: “Medianın dəstəyi olmadan bu, mümkün deyil”.
Report