Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamla İqtisadiyyat Nazirliyi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə tapşırıqlar verilib.
İki quruma tapşırılıb ki, birlikdə altı ay müddətində Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
beynəlxalq məsləhətçi şirkət cəlb etməklə Azərbaycan Respublikasında xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, bu Sərəncamın 1.1-ci bəndində qeyd olunmuş zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yaradılması təklif olunan zonanın ərazisinə dair təkliflərini, həmin ərazinin torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısını, zonanın ərazi sərhədlərinin dəqiq təsvirini və ərazinin planını, torpaqların tərkibi haqqında məlumatları, iqtisadi, sosial və ekoloji şəraitin təhlilinə, maddi və əmək resurslarına, kommunikasiyalar və digər infrastrukturla təminat imkanlarına dair məlumatları Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Maliyyə Nazirliyinə bir ay müddətində bu sərəncamda göstərilən tədbirlərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinə bu sərəncamın 1.3-cü bəndində göstərilən məsələlərin həyata keçirilməsi məqsədi ilə zəruri tədbirlər görmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
oxu.az