10 C
Baku
Monday, November 18, 2024

İlham Əliyev: “Ermənistana hansı məbləğdə vəsait veriləcəksə, eyni məbləğdə bizə də verilsin”  

“Prezident Şarl Mişelin Azərbaycana səfəri və burada keçirdiyim görüş çox müsbət idi. Brüsseldə keçən ay keçirdiyimiz görüşlə bağlı eyni sözləri deyə bilərəm. Bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etmək idi. Mən bunu dəfələrlə keçmiş rəhbərliklə görüşlər əsnasında dilə gətirmişdim. Deyirdim ki, bilirsiniz, bizim hər hansı bir xüsusi gözləntilərimiz yoxdur”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Bildiyiniz kimi, biz assosiasiya sazişinə qoşulmadıq. Bu gün həyat göstərir ki, haqlı idik. Çünki qoşulan o biri ölkələr haqqında mən indi bir şey demək istəmirəm. Əgər biz real baxsaq bu assosiasiya sazişi nə verdi?! Əlbəttə ki, sual doğurur. Yəni, üzvlük perspektivi varmı? Yoxdur. Yəni, yaxın gələcəkdə və orta müddətli gələcəkdə yoxdur. Hansısa başqa imtiyazlar varmı? Bilmirəm. Hər halda yenə də deyirəm. Bizim mövqeyimiz həmişə realist olub. Deyirdim ki, biz gərək həyata keçirə bilmədiyimiz şeylərin, necə deyərlər, ətəyindən yapışmayaq. Real. Biz istəyirik ki, Avropa ilə daha yaxın əlaqələr olsun. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Hesab edirəm ki, cənab Mişellə görüşlər əsnasında biz bu gündəliyi formalaşdıra bildik. Ümid edirəm, bu müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Bir neçə maddə var ki, orada fikir ayrılığı var. Amma hesab edirəm ki, ciddi iradə göstərilərsə, hər iki tərəfdən buna biz nail ola bilərik.

Əlbəttə ki, bizim əlaqələrimiz üçün yeni səhifə açılacaqdır. Bununla paralel olaraq Avropa İttifaqı ilə bizim gündəliyimiz onsuz da çox genişdir. Bunu mən artıq dəfələrlə demişəm ki, 9 ölkə ilə biz strateji tərəfdaşıq. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edirik. Xüsusilə indiki şəraitdə. Avropada qaz böhranı yaşanır. Bizim qazımıza böyük ehtiyac var. İndi artıq bu, açıq mətbuata da çıxır. Mən Bolqarıstanla olan məsələləri nəzərdə tuturam. Bilirsiniz ki, bu, bizdən yox, Bolqarıstandan çıxıbdır. İndi bu məsələnin mahiyyəti yəqin ki, bəllidir. Ona görə buna böyük ehtiyac var. Azərbaycan da etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi. Onların bizim nəqliyyat imkanlarımıza böyük marağı vardır. Onu da bildirməliyəm ki, Avropa İttifaqı Şurasının keçmiş prezidenti cənab Tusk 2019-cu ildə Bakıda olarkən, xüsusilə Ələtə getmişdir. Beynəlxalq Dəniz Limanına gedib orada vəziyyətlə tanış olmuşdur. İndiki prezident Mişelə isə Şamaxıya səfəri çərçivəsində orada həm Ələt İqtisadi Zonası ilə, həm də limanla bağlı təqdimat edilmişdir. Yəni, bu sahəyə çox böyük maraq var.

Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturu ən müasirdir. Demək olar ki, bütün işlər artıq tamamlanıb. Bu, Avropa üçün böyük maraq kəsb edir. Şarl Mişel Azərbaycanda olarkən, Şamaxıya gedəndə yol üstündə Azərkosmosu da ziyarət etdi. İndi Azərbaycanın Avropa tərəfdaşları ilə kosmik sahədə yeni əməkdaşlıq formatı yaradılır. Bu da çox müsbətdir. Biz, əlbəttə ki, texnologiyaların Azərbaycana gətirilməsində maraqlıyıq. Biz bu texnologiyaları Avropadan alırıq, Avropa isə bizim enerji resurslarımızı alır. Yəni, burada qarşılıqlı maraqlar uzlaşır. Narahatedici məqamlar demək olar ki, yoxdur. Ya da ki, son hadisələrə qədər yox idi. Onu da mən cənab Mişelə həm Bakıda, həm Brüsseldə demişəm. O da Ermənistana və Azərbaycana nəzərdə tutulan maliyyə paketinin həcmi ilə bağlıdır. Biz çox təəccüb etdik ki, böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutulur. Bu, ədalətsizlikdir. Hətta onu deyə bilərəm ki, dekabr ayında Brüsseldə İtaliya jurnalistinə müsahibə verərkən jurnalist məndən soruşdu ki, bu nə dərəcədə ədalətlidir. Yəni, bunu təkcə mən demirəm. Artıq bu Avropa məkanına yayılmış bir məsələdir. Mən bunu ictimai qaydada da dilə gətirmişəm həmişə. Bu, ədalətsizlikdir və bunun izahatı bizə lazımdır. Əgər bu ədalətsizlik həyatda öz əksini taparsa, əlbəttə ki, biz səssiz qalmayacağıq. Nəinki səssiz qalmayacağıq, bu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi təsir göstərəcək. Çünki əhali və ərazi baxımından Azərbaycan Ermənistandan beş dəfə böyükdür. Ermənistanda bir dənə də bina dağılmayıb. Bizim Livan boyda ərazimiz tamamilə yerlə-yeksan edilib. Bizə cəmi 140 milyon, onlara 2,6 milyard? Hansı əsasla, əsas nədir?! Qoy, izahat versinlər. Mən məsələni elə qoymuşam ki, Ermənistana hansı şərtlərlə və hansı məbləğdə vəsait veriləcəksə, eyni şərtlərlə eyni məbləğdə bizə də verilsin. O izahat ki, Azərbaycanın pulu çoxdur, Ermənistanın pulu azdır. Bu, nə dərəcədə ədalətlidir? Ola bilməz. Ona görə bu son hadisələrdə yeganə narahatlıq və problem yarana biləcək məsələ budur. Bizim aramızda hər hansı başqa bir fikir ayrılığı yoxdur. Şərq Tərəfdaşlığının son Zirvə Görüşü də bunu göstərdi. Avropa İttifaqı ilə əminəm ki, əlaqələrimiz uğurla davam etdiriləcək. Bu, bizim üçün önəmlidir, bizim xarici siyasət konsepsiyamızın tərkib hissəsidir”, – Dövlət başçısı qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər