Yeni qaydanı pozanları 7 min manatadək cərimə gözləyir.
Azərbaycan Prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını bir ay müddətində təmin etmək, İnzibati Xətalar Məcəlləsinin 224-1-ci və 298-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq dövlət orqanı barədə təkliflərini 15 gün müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 3 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Beləliklə, İlham Əliyev ölkə parlamentinin bir müddət əvvəl İnzibati Xətalar Məcəlləsinə əlavə etdiyi aşağıdakı dəyişiklikləri təsdiqləyib və bu maddələr qüvvəyə minib:
Maddə 224-1.
Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılması
224-1.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə – fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 2000 manat miqdarında, hüquqi şəxslər 5000 manat miqdarında cərimə edilir.
224-1.2. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə – vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək miqdarda, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək miqdarda cərimə edilir.
Maddə 298-1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma
298-1.0. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni:
298-1.0.1. bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” qanuna görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına;
298-1.0.2. bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə – fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 2000 manat miqdarında, hüquqi şəxslər 5000 manat miqdarında cərimə edilir.