Azərbaycanın iqtisadi inkişafının təməlində əsasən tərəfimizdən aparılmış islahatlar dayanır. Biz iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ancaq neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən Azərbaycanın iqtisadi artımının nisbətən zəif olduğunu vurğulayan dövlətimizin başçısı bildirib:
“Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir. Bununla yanaşı, biz düşünülmüş sosial siyasət həyata keçirə bilmişik. Son 20 ildə biz yoxsulluq səviyyəsində yaşayan əhalinin sayını təqribən 50 faizdən 5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb”.
İlham Əliyev Azərbaycanın xarici borcundan da danışıb:
“Biz, həmçinin, xarici borcumuzun səviyyəsinin azaldılması istiqamətində fəal işlədik və bu gün bu rəqəm ümumi daxili məhsulun (ÜDM) 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir”.
Gələn il iqtisadi artımın daha böyük olacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti vurğulayıb:
“Lakin həmin rəqəmlər, əslində, iqtisadiyyatın səmərəliliyi və insanların yaşayış standartlarının 100 faizini əks etdirmir. Elə ölkələr var ki, iqtisadi artımı olduqca aşağı səviyyədədir, lakin iqtisadiyyatı çox inkişaf etmişdir. Beləliklə, ölkənin ÜDM-i nə qədər çoxdursa, artıma nail olmaq da o qədər çətin olur. Xüsusilə də bugünkü geosiyasi vəziyyətdə. Çünki bizim iki qonşumuz və əsas ticarət tərəfdaşlarımızdan olan Rusiya və İran sanksiya altındadır. Bunu nəzərə almaq lazımdır. Ancaq bizim 2030-cu il üçün baxışımızın hədəfi və strategiyası öz resurslarımıza, maliyyə imkanlarımıza əsaslanır və qarşıdan gələn illərdə iqtisadi artımı təmin edəcək sahələrə yerli və xarici investisiyaların qoyuluşundan ibarətdir”.