14:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.
Banker.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
– Hörmətli Sadır Nurqojoyeviç, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz.
Sizi yenidən görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Sammitdə iştirakınıza görə sağ olun.
Fikrimcə, bu, həmçinin münasibətlərimizin ikitərəfli gündəliyini müzakirə etmək üçün yaxşı fürsətdir. Sizinlə müntəzəm görüşürük. Mənim Qırğızıstana dövlət səfərimlə bağlı çox yaxşı təəssüratlarım var. Həmçinin Sizin Azərbaycana ötən il etdiyiniz səfəri xatırlayıram. Əlbəttə, Sizi növbəti ildə dövlət səfəri ilə yenə də gözləyirik.
Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. Biz bir-birimizi həmişə dəstəkləyəcəyik və gələcəkdə beynəlxalq strukturlarda da bunu edəcəyik. Bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya siyasəti, ölkələrimizin daha da yaxınlaşması ilə əlaqədar mühüm məsələləri həll edirik. Son vaxtlar beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Bu, həmişə gündəlikdə duran məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Bu gün nümayəndə heyətlərinin iştirakı ilə il ərzində görülən işlərə bir daha yekun vuracağıq, il başa çatır, növbəti gələcək addımları müəyyən edəcəyik. Beləliklə, bir daha xoş gəlmisiniz.
Sonra Prezident Sadır Japarov çıxış edərək dedi:
– Hörmətli İlham Heydər oğlu, sağ olun.
Növbəti görüşümüzə çox şadam. Səmimi sözlərinizə görə çox sağ olun. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin vəziyyətinə Sizin verdiyiniz yüksək qiymətə tam şərikəm. Son illər dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Fürsətdən istifadə edərək, Sizə və azərbaycanlı dostlarımıza mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın aktual məsələlərini konstruktiv şəkildə müzakirə edəcək və fikir mübadiləsi aparacağıq.
Qırğızıstan özünün strateji tərəfdaşı olan Azərbaycanla dostluq münasibətlərinə və qarşılıqlı dəstəyə dəyər verir. Bu il ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyini qeyd etdilər. Biz bu əlamətdar tarixə yaxşı nəticələrlə gəldik. Ötən il yüksək səviyyədə iki görüş olub, dövlət başçıları səviyyəsində Dövlətlərarası Şura yaradılıb və onun birinci iclası keçirilib. Yüksək səviyyədə dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr parlamentlər, hökumətlər və sahə nazirlikləri arasında fəal qarşılıqlı fəaliyyətə şərait yaradıb. 2022-ci ildə bizim qarşılıqlı səfərlərimiz əsnasında əldə olunmuş bir sıra razılaşmalar 5-ci iclası bu il iyulun 26-da Çolpon-Ata şəhərində hökumət başçılarının müavinlərinin sədrliyi ilə keçirilən İqtisadi və humanitar əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın xətti ilə praktiki dinamika qazanıb.
Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı fəaliyyət göstəririk və namizədlərin irəli sürülməsində bir-birimizi dəstəkləyirik.
x x x
Qırğızıstan Prezidenti Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təbriklərini çatdırdı, bunun Cənubi Qafqazda sülh və sabitlik üçün yeni şərait yaratdığını qeyd etdi. Qırğızıstan Prezidenti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə də təbriklərini çatdırdı.
Prezident Sadır Japarov qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun şərəfinə Bakıda abidənin ucaldılmasını yüksək qiymətləndirdi, buna görə minnətdarlığını bildirdi.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin daim bir-birinə dəstək göstərdiyi vurğulandı.
Prezident Sadır Japarov qeyd etdi ki, Qırğızıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Prezident İlham Əliyev xalqımızın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası münasibətilə təbriklərinə görə Qırğızıstan Prezidentinə minnətdarlığını bildirdi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı və birbaşa aviareyslərin təşkil olunması müsbət addım kimi qeyd edildi. Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun yaradılmasının önəmi vurğulandı, bunun birgə iqtisadi layihələrin inkişafı üçün əlverişli imkanlar yaradacağı bildirildi. Həmçinin ölkələrimiz arasında mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə də fikir mübadiləsi aparıldı.
***
11:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.