Azərbaycanda pul bazasının həcmi son ayda 342 milyon manat, yaxud 2.34% azalıb.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 1 dekabr 2021-ci il tarixinə olan göstəricisində bildirir.
Həmin tarixə, Azərbaycana pul bazasının həcmi 14 milyard 279 milyon manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsinə dair açıqlamasında bildirmişdi ki, pul bazasının izafi genişlənəcəyi halda requlyator ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur.
İlin yarısında isə AMB-nin açıqlamasında ilin qalan dövründə pul təklifinin dəyişimi başlıca olaraq dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacağını demişdi.
Bundan əlavə, ölkədə nağdsızlaşma prosesinin sürətlənməsi pul təklifinin strukturuna da təsir edir, nağd pula tələbin azalması müşahidə edildiyini daha öncəki açıqlamalarında bildirir.
2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının dövlət büdcəsinin xərcləri 20 milyard 184.7 milyon manat olmaqla öncəki ildən 2.6% az olub.
Mərkəzi Bankın pul siyasəti alətləri arsenalına çərçivə alətləri, açıq bazar əməliyyatları üzrə alətlər, habelə məcburi ehtiyat normaları daxildir.
1.Çərçivə alətləri
Vəsaitlərin qısamüddətli cəlb olunması və yerləşdirilməsi alətlərindən ibarət olan çərçivə alətləri bankların qısamüddətli likvidliyinin idarə olunmasına xidmət edir və bankların təşəbbüsü ilə Mərkəzi Bank tərəfindən təsbit olunmuş faiz dərəcələri ilə həyata keçirilir. Çərçivə alətləri bank sistemində likvidlik səviyyəsinin və beləliklə banklararası bazarda faiz dərəcələrinin kəskin dəyişmələrinin qarşısının alınmasında mühüm rol oynayır.
Vəsaitlərin cəlb olunması (sterilizasiya xarakterli) məqsədilə aparılan əməliyyatlar 1-7 günlük REPO əməliyyatları olmaqla, Mərkəzi Bankın əməliyyatlarının faiz dərəcələri dəhlizinin (faiz dəhlizi) aşağı həddi ilə aparılır.
Vəsaitlərin yerləşdirilməsi (emissiya xarakterli) məqsədilə aparılan əməliyyatlar 1-7 günlük əks-REPO əməliyyatları olmaqla, faiz dəhlizinin yuxarı həddi ilə aparılır.
2. Açıq bazar əməliyyatları üzrə alətlər
Açıq bazar əməliyyatları pul siyasətinin əməliyyat hədəflərinin reallaşdırılması məqsədilə dövriyyədə olan pul kütləsinin tənzimlənməsi və banklararası pul bazarında faiz dərəcələrinə təsir etmək məqsədilə Mərkəzi Bankın təşəbbüsü ilə həyata keçirilir.
Vəsaitlərin cəlb olunması (sterlizasiya xarakterli) məqsədilə açıq bazar əməliyyatları faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında dəyişən faiz dərəcələri ilə aparılır və aşağıdakı əməliyyatlardan ibarətdir:
-Depozit əməliyyatları. Depozit əməliyyatları bir il müddətinədək, birbaşa və ya dolayı hərraclar vasitəsilə həyata keçirilə bilər. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə hərracdankənar depozit əməliyyatları da keçirilə bilər. Bu zaman bu əməliyyatların şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur.
-Mərkəzi Bankın qısamüddətli notlarının emissiyası. Qısamüddətli notlar Mərkəzi Bank tərəfindən buraxılan istiqrazlardır.
-REPO əməliyyatları: Mərkəzi Bankın portfelində mövcud qiymətli kağızlar həcmində Mərkəzi Bank tərəfindən qiymətli kağızların sonradan geri almaq şərtilə kommersiya banklarına satışıdır.
Vəsaitlərin yerləşdirilməsi (emissiya xarakterli) məqsədilə açıq bazar əməliyyatları uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasında dəyişən faiz dərəcələri ilə aparılır və aşağıdakı əməliyyatlardan ibarətdir:
– Yenidənmaliyyələşdirmə kreditləri. Mərkəzi Bank tərəfindən birbaşa və ya dolayı hərraclar vasitəsilə 30 gün müddətinədək təminatlı əsasda yenidənmaliyyələşdirmə kreditləri verilə bilər. Eyni zamanda Mərkəzi Bank tərəfindən aşağıdakı müddətlərdə hərracdankənar yenidənmaliyyələşdirmə kreditləri verilə bilər:
-360 gün müddətinədək Mərkəzi Bankın uçot dərəcəsi ilə;
– 360 gündən yuxarı müddətə Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi- şərtlərlə.
Əks-REPO əməliyyatları. Mərkəzi Bank tərəfindən qiymətli kağızların kommersiya banklarından sonradan geri satmaq şərtilə alışıdır.
3. Məcburi ehtiyat normaları
Məcburi ehtiyat normaları ölkədə pul kütləsinin və bank sisteminin likvidliyinin tənzimlənməsində istifadə olunan pul siyasəti alətidir. Məcburi ehtiyat normaları banklar tərəfindən cəlb olunan vəsaitlərin Mərkəzi Bankda məcburi qaydada saxlanılan bir hissəsidir.
-Mərkəzi Bank tərəfindən müəyyən edilmiş məcburi ehtiyat norması əsasında bankların saxlamalı olduqları məcburi ehtiyatların məbləği hesablanır. Məcburi ehtiyatlar bankın hesablama bazasının (bankın milli və xarici valyutada, qiymətli metallarda cəlb etdiyi vəsaitlərdir) hesablama dövrü (hər ayın ilk təqvim günü başlayır və son təqvim günü bitir) üzrə orta günlük qalığı əsasında hesablanır.
-Hesablanmış məcburi ehtiyat saxlama dövrü (dövrü bitdikdən sonrakı ayın 15-ci təqvim günü başlayır və növbəti ayın 14-cü təqvim gününədək davam edir) ərzində bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır.