İlin sonunadək Kəlbəcər və Laçında 4 KSES istismara veriləcək – Nazir

Hazırda Kəlbəcər və Laçında inşa olunan 4 kiçik su elektrik stansiyasının bu ilin sonunadək istismara verilməsi planlaşdırılır.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Kəlbəcərdə 240 meqavat gücündə külək elektrik stansiyası layihəsi üzrə ölçmə və qiymətləndirmə işləri aparılır:

“Eyni zamanda, türkiyəli investorlarla Naxçıvanda 1000 meqavat gücündə günəş elektrik stansiyaları üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilir. Binalarda enerji səmərəliliyi üzrə bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu nəzərə alaraq türkiyəli investorlar bu sahədə də fəal əməkdaşlığa dəvət edirik”.

Nazir əlavə edib ki, Azərbaycan bütün strateji proseslərdə olduğu kimi, “təmiz enerji” gələcəyinə gedən yolda da Türkiyəni ən yaxın və etibarlı müttəfiqi hesab edir:

“Enerji keçidi isə artıq rəqəmsallaşma və süni intellektlə ayrılmaz şəkildə bağlıdır. Gələcəkdə rəqabət üstünlüyü yalnız daha çox enerji istehsal edənlərdə deyil, enerji datalarını səmərəli idarə edən və süni intellekt vasitəsilə dəyərə çevrilən ölkələrdə olacaq. Bu baxımdan strateji enerji tərəfdaşlığımızın süni intellekt və rəqəmsal transformasiya sahələrini də əhatə etməsi artıq zamanın tələbidir”.

Qeyd edək ki, Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir.

Forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələr aparılır. Forumun sonunda mətbuat üçün brifinqin təşkil edilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb.

İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, 2-ci Forum 2022-ci il 5-6 oktyabr tarixlərində İstanbul şəhərində, 3-cü Forum 2023-cü il 28-29 sentyabr tarixlərində Naxçıvan şəhərində, 4-cü Forum isə 2025-ci il 4 sentyabr tarixində İzmir şəhərində keçirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər