10 C
Baku
Friday, December 13, 2024

İlon Mask daha 1 mlrd. dollarlıq “Tesla” səhmlərini satıb

İlon Mask “Tesla”nın daha bir böyük səhm paketini satıb. Qeyd edək ki, artıq bir aya yaxındır ki, sahibkar şirkətdəki payını satır.

Banker.az xəbər verir ki, bu müddət ərzində son satışı nəzərə alsaq, Mask elektrikli avtomobil istehsalçısının səhmlərindən təxminən 10.9 milyard dollar qazanıb.

ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyasının təqdim etdiyi sənədlərə görə, dekabrın 2-də İlon Mask hər səhm üçün 6.24 dollara 2.1 milyon qiymətli kağız satıb. Bu ona təxminən 1.01 milyard dollar gəlir gətirib.

Noyabrın 8-də Mask sosial şəbəkədə sorğu keçirib və izləyicilərindən səhmləri satmaq əleyhinə və ya leyhinə səs verməyi xahiş edib. Qeyd edək ki, sorğuda iştirak edənlərin (3.5 milyon insan) 58%-i bu qərarı dəstəkləyib.

“Tesla” səhmləri noyabrın 8-dən bəri 9% ucuzlaşıb. Çərşənbə axşamı onların dəyəri daha 4.1% azalıb.

“The Wall Street Journal”un hesablamalarına görə, Mask “Tesla” səhmlərini satdığı üçün 3.5 milyard dollar vergi ödəməli olacaq. Ümumilikdə, səhmlərin ucuzlaşması milyarderə təxminən 480 milyon dollar qənaət edib.

“Bloomberg Billionaires Index”in dekabrın 3-nə olan məlumatına görə, İlon Mask 284 milyard dollar sərvətlə dünyanın ən varlı adamıdır. Bu il onun sərvəti 128.1 milyard dollar artıb, mütəxəssislər bunu qismən “Tesla” səhmlərinin yanvar ayından etibarən 49% artması ilə əlaqələndirirlər.

Son xəbərlər
Digər xəbərlər