“Tesla” və “SpaceX”in yaradıcısı İlon Mask (“Forbes Real-time”ın qiymətləndirmələrinə görə, onun sərvəti 42,4 milyard dollar təşkil edir) Trampın iş vizalarının verilməsini məhdudlaşdırmaq qərarını tənqid edib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
“Mən bu hərəkətlə razı deyiləm. Öz təcrübəmdən bilirəm ki, bu cür bacarıqlar [iş vizasını almaq üçün tələb olunan] iş yerlərinin açılmasına kömək edir. Düzdür, viza islahatınının əhəmiyyəti var, amma o çox genişdir”, – deyə amerikalı milyarder “Twitter”də yazıb.
Mask hansı immiqrasiya tədbirlərini dəstəklədiyini açıqlamadı. Qeyd edək ki, o özü də ABŞ-a miqrant olaraq Cənubi Afrikadan gəlib.
Trampın iş vizalarının verilməsini məhdudlaşdırmaq qərarından təkcə “Tesla” və “SpaceX” deyil, eyni zamanda digər şirkətlər də narazı qalıb. Onlar sırasında “Apple”, “Alphabet” və “Microsoft” kimi İT nəhəngləri var.
Xatırladaq ki, iyunun 22-də ABŞ prezidenti Donald Tramp 2020-ci ilin sonunadək H-1B, H-2B, H-4, L-1 və J-1 iş vizalarının verilməsini məhdudlaşdıran sərəncam imzalayıb.
“Business Insider”in verdiyi məlumata görə, 2019-cu ildə təkcə “Google” və “Amazon” öz işçilərinə viza almaq üçün 9 mindən çox müraciət göndəriblər.