6 C
Baku
Monday, December 16, 2024

IMF Azərbaycana bu islahatları etməyə çağırdı

Azərbaycanda iqtisadi artım karbohidrogen hasilatının artması və xərclər sahəsində yeni tədbirlər nəticəsində daxili tələbatın yüksək olması səbəbilə 2019-cu ildə 2,7 faizə çatacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) sentyabrın 6-da IMF İcraiyyə Şurası ilə Azərbaycan hökuməti arasında IV maddəyə dair məsləhətləşmələrdən sonra yayılan materiallarında bildirilib.

“Ortamüddətli perspektivdə iqtisadi artım 2,5% səviyyəsində proqnozlaşdırılır. Belə ki, karbohidrogen hasilatının genişlənməsi səbəbilə neft sektorunda ÜDM istehsalının artım tempi, təxminən, 1% səviyyəsində sabitləşir, qeyri-neft sektorunun artım tempi isə tədricən artaraq 3%-i keçəcək”, – materiallarda deyilir.

IMF-in proqnozlarına görə, ÜDM-in artım tempi 2020-ci ildə 2,1%, 2021-ci ildə 2,1%, 2022-ci ildə 2,2%, 2023-cü ildə 2,3%, 2024-cü ildə 2,5 olacaq. Eyni zamanda qeyri-neft sektorunda artım 2019-cu ildə 3,2%, 2020-ci ildə 3,3%, 2021-ci ildə 3,4% və 2022-2024-cü illərdə 3,5% təşkil edəcək. Neft sektorunda artım 2019-cu ildə 2,5%, 2020-2024-cü illərdə isə ildə 1,2% olacaq.

IMF-in materiallarına əsasən, ərzaq malları qiymətlərində proqnozlaşdırılan aşağı inflyasiyanı və yeni büdcə qaydasına uyğun olaraq fiskal konsolidasiyasının davam edəcəyini nəzərə alaraq Azərbaycanda inflyasiya nəzarət altında qalmalıdır.

IMF Azərbaycanda inflyasiyanın səviyyəsinin 2019-cu ildə 3,2%, 2020-ci ildə 3,3%, 2024-cü ildə isə 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.

“Neftin qiymətinin 60 dollar/barel ətrafında dəyişəcəyi və cari hesabın profisitinin əhəmiyyətli olaraq qalacağı gözlənilir. Dövlət borcu iqtisadiyyatın ölçüsündən asılı olaraq azalacaq. Bununla belə, bəzi problemlər, o cümlədən bank sektorunun kövrəkliyi, struktur çatışmazlıqları, idarəetmədəki çatışmazlıqlar qalmaqdadır. Digər tərəfdən, risklər azalmaya doğru gedir. Azərbaycan xarici aktivlərdəki güclü təmiz mövqeyini nəzərə alaraq onun mənfi şoklara cavab vermək imkanına malik olacağını söyləmək olar”, – materiallarda deyilir.

IMF Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisitini 2019-cu ilin yekunları üzrə ÜDM-in 9,7%-i, 2020-ci ildə 10%-i, 2024-cü ildə isə 7,7%-i səviyyəsində olacağını proqnozlaşdırır.

IMF direktorları hökumətin bank böhranı və tənəzzüldən qurtulmaq üçün həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib, son iqtisadi çətinliklərin təsirinin aradan qaldırılmasında sərgilənən siyasətə görə hökumətə təşəkkürlərini bildiriblər. Direktorlar hökuməti iqtisadiyyatın şaxələndirilməsi, onun potensialının və sarsıntılara dözümlülüyünün artırılması üzrə səyləri davam etdirməyə çağırıb. Onlar həmçinin iqtisadi açıqlığın və karbohidrogen zənginliklərini gələcək nəsillərlə bölüşməyin vacibliyini vurğulayıblar.

Direktorlar borcun uzunmüddətli davamlılığını təmin etmək üçün büdcədə əlavə dəyişikliklər edilməsinin zəruri olduğunu hesab ediblər. Onlar iqtisadi artıma təsirini azaltmaq üçün maliyyə konsolidasiyasının tədricən həyata keçirilməli olduğunu və onun ilk növbədə qeyri-neft gəlirlərinin səfərbər edilməsindən, dövlət xərclərinin səmərəliliyinin yüksəldilməsindən, dövlət müəssisələrində islahatlar aparılmasından, köçürmələrin və subsidiyaların ünvanlılığının yaxşılaşdırılmasında asılı olmasını tövsiyə ediblər.

Büdcə qaydasının tətbiq olunmasını (2019-cu ildən etibarən) alqışlayan direktorlar etiraf ediblər ki, xərclərin artırılması ilə bağlı bu yaxınlarda qəbul edilmiş qərarlar onun yerinə yetirilməsini çətinləşdirdi. Bu mənada onlar bu qaydaların daha güclü dövlət maliyyə idarəçiliyi, daha böyük maliyyə şəffaflığı və maliyyə risklərinin daha yaxşı idarə olunması ilə “gücləndirilməli” olmasının vacibliyini qeyd ediblər.

IMF, ümumilikdə, hökuməti diqqətlə yoxlanılmış və son fiskal tədbirlərin təsirinin məlumatlarına əsaslanan yanaşmanın yardımı ilə pul-kredit siyasətini normallaşdırmağa davam etməyə çağırır.

“Məzənnə çevikliyinin yaxşılaşdırılması rəqabət qabiliyyətini artıracaq, diversifikasiyaya töhfə verəcək, sarsıntılara adaptasiyanı asanlaşdıracaq və risklərin idarə edilməsini yaxşılaşdıracaq”, – sənəddə deyilir.

Direktorlar həmçinin hökuməti pul-kredit və valyuta siyasəti sahəsində əməliyyatlarının modernləşdirilməsinə və inflyasiyanın hədəflənməsi rejiminə keçidə hazırlıqları gücləndirməyə çağırıb.

“Bank sektorunda maliyyə nəzarətinin gücləndirilməsi və rəqabətin stimullaşdırılması onun sağlamlaşdırılması və ona iqtisadi artımın təmin edilməsində vasitəçi kimi effektiv rol oynamağa imkan yaradılmasında həlledici önəmə malikdir”, – söyləyən direktorlar rəsmi orqanları aktivlərin keyfiyyəti ilə bağlı müstəqil yoxlama aparmağa çağırır.

Direktorlar iqtisadiyyatın diversifikasiyanı stimullaşdırmaq, özəl sektoru inkişaf etdirmək və hərtərəfli iqtisadi artımı təmin etmək üçün struktur islahatlarının davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Bu mənada onlar biznes mühitinin yaxşılaşdırılması sahəsində irəliləyişləri alqışlayıb və hökuməti beynəlxalq ticarət və sərmayələri genişləndirmək üçün iqtisadiyyatın açıqlığı üzrə yeni səylər göstərməyə çağırıblar”, – sənəddə deyilir.

Report

Son xəbərlər
Digər xəbərlər