4 C
Baku
Friday, March 29, 2024

İmişlinin sabiq icra başçısının İmişlidəki evindən 10 min manat götürülüb

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsi davam etdirilib.

Sənədlərdə qeyd olunub ki, Vilyam Hacıyevin icra başçısı olduğu müddətdə mənzil növbəsində olmayan bir neçə nəfərə qanunsuz mənzillər verilib. Bundan başqa, İcra Hakimiyyəti tərəfindən sosial-kirayə müqavilələri bağlanması və icarə-torpaq sahələrinin verilməsi ilə bağlı qanunsuz sərəncamlar olub.

Sabiq icra başçısının vəkili Elmar Kərimov sərəncamlarla bağlı epizoda etiraz edib. Vəkil sözügedən sərəncamların qanuni şəkildə verildiyini, məhkəmə istintaqı zamanı heç bir şahidin sərəncam almaq üçün pul verdiyini açıqlamadığını deyib. Vilyam Hacıyev də verilən sərəncamların qanuni olduğunu bildirib: “Əgər o sərəncamlar qanunsuzdursa, nəyə görə, iddia qaldırıb ləğv etmirlər?”

Daha sonra İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayevin vətəndaşlardan alınan məbləğlərin göstərildiyi qeyd dəftəri elan olunub.

Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov baş mühasibin qeyd dəftərinin rəsmi sənəd kimi qəbul olunmasına etiraz edib. Vəkil Cəmil Musayevin kiminlərləsə əlaqələrinin olmasının müvəkkilinə heç bir aidiyyatı olmadığını deyib: “Cəmil Musayev 2017-ci ildən özü qeydlər aparıb. Onun hazırladığı qeyd dəftəri rəsmi sənəd hesab oluna bilməz. Sənədin altında möhür, imza olur, düzgün adam idisə qanunsuz işlər aparılması ilə bağlı vaxtında hüquq-mühafizə orqanlarına müraciət edərdi”.

Vilyam Hacıyev də qeyd dəftərində yazılanları “boş şeylər” adlandırıb.

Vəkil, həmçinin pulları Cəmil Musayevin özünün aldığını bildirib:

”Bu adamın evində axtarış aparılmayıb, pulları hara qoyması araşdırılmayıb”.

Hakim bununla bağlı məsələyə hüquqi qiymət veriləcəyini deyib. Bundan başqa, sənədlərdə qeyd olunub ki, istintaq orqanı tərəfindən aparılan baxış zamanı Vilyam Hacıyevin İmişli rayonunun “Şəkər zavodu” adlanan ərazisində yerləşən evindən 10 min manat pul götürülüb.

Müdafiə tərəfi bununla bağlı məsələyə münasibət bildirməyib.

Proses iyunun 20-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər