Bir neçə gün bundan əvvəl Biləsuvar rayonunun icra başçısı Mahir Quliyevin birinci müavini Xanlar Məmmədov vasitəsilə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar maddi yardıma ehtiyacı olan şəxslərə sosial yardım üçün ayrılan vəsaitin bir qismini hissə-hissə mənimsəməsi, habelə icra hakimiyyətinin sərəncamında olan digər vəsaitlərdən sosial yardım adı altında ayıraraq bir hissəsinin ona verilməsini tapşırmasına dair əsaslı şübhələr müəyyən olunduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində o saxlanılaraq, Bakıya gətirildi.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla M.Quliyev tutduğu vəzifədən azad edildi.
Məhkəmənin qərarı ilə M.Quliyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçildi.
Azərbaycanda icra başçılarının həbs olunması ilk hal deyil.
İndiyə qədər həbs olunan icra başçılarının siyahısını təqdim edir:
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev – Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilərək DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılmışdı.
Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Ötən ilin sonuncu ayında isə Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarova qarşı bənzər əməliyyat keçirilmişdi.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə, DTX-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılmışdılar. İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsində sabiq icra başçısı və müavini barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
Eyni vaxtda Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov da saxlanılıb.
Nizaməddin Quliyevlə eyni maddələrlə ittiham olunan keçmiş icra başçısı barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
Belə ki, Q.Səmədov dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqlarını ələ keçirib. Bundan başqa, Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Q.Səmədovun tabeliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, icra başçısına şəxsən təqdim edilməklə 236 000 manat dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Habelə, 2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 000 manat vəsait heç bir iş görülmədən Q.Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq, ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.
Sabiq icra başçılarından söz düşmüşkən, Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışov da hazırda həbsdədir.
O, 2016-cı ilin aprelində 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320 (saxta sənəd hazırlanması) maddələri ittiham verilib. Bu, R.Alışovun ilk həbsi olmayıb. Belə ki, 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov da azadlıqdan məhrum edilib.
O, 2018-ci ildə Şəmkirdə saxlanılıb. Rusiya vətəndaşlığını daşıyan S.Rüstəmov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi S.Rüstəmovu 7 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Daha sonra onun həbs müddəti 2 ay azaldılıb.
Digər həbs həyatı yaşamış icra başçılarından biri də Süleyman Rəşidovdur. O, 1997-ci ildə Mingəçevirin icra başçısı təyin olunub və bir ildən sonra tutduğu vəzifədən kənarlaşdırılıb. S.Rəşidov 1998-ci ildə icra başçısı vəzifəsindən azad edildikdən sonra barəsində axtarış elan edilib. 2008-ci ilin sentyabrında həbs olunan S.Rəşidov külli miqdarda dövlət əmlakını talamaqda ittiham edilib. S.Rəşidov təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə dövlət tərəfindən şəhərdə təhsil ocaqlarına ayrılmış külli miqdarda pulu mənimsəyib. O, 2010-cu ildə 4 il şərti iş alaraq məhkəmə zalından azad edilib.
Sabiq icra başçıları ilə bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, həm Q.Səmədov, həm də yeni həbs olunan İ.Vəliyev 2011-ci ildə icra başçısı vəzifəsinə təyin olunublar. N.Quliyevlə S.Rəşidovun da taleyi oxşardır. Belə ki, S.Rəşidov kimi N.Quliyev də son vəzifəsinin səfasını 1 ildən çox çəkməyib.