İndoneziya prezidenti Coko Vidodo koronavirusun “Delta” ştammının yayılması ilə əlaqədar iyulun 3-dən etibarən karantinin sərtləşdiriləcəyini bəyan edib.
TASS xəbər verir ki, bu barədə o, milli televiziyada çıxışı zamanı bildirib.
“Son günlərdə vəziyyət sürətlə pisləşir və bu da bizdən qəti addımlar tələb edir. Ən ciddi məhdudiyyətlər vəziyyətin daha ağır olduğu Yava adasında və Bali vilayətində qüvvəyə minəcək”, – ölkə başçısı bildirib.
Prezident bu rejimin iyulun 20-dək davam edəcəyini deyib.
Xatırladaq ki, son günlər ölkədə yoluxma sayında rekord artım templəri qeydə alınıb.
Belə ki, iyunun 27-də gündəlik yoluxma sayı 21 800 nəfəri ötüb. Narahatlığa səbəb olan əsas məsələ yoluxmanın uşaqlar arasında geniş yayılmasıdır. Ümumilikdə, pandemiya baş qaldırandan indiyədək ölkədə 2,1 milyon insan koronavirusa yoluxub ki, onlardan da 58,4 min nəfəri vəfat edib. İndoneziya bu göstəricilər baxımından Asiyada Hindistandan sonra ikinci yeri tutur.