11 C
Baku
Wednesday, December 11, 2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 7 şirkətə rezidentlik verib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sistem inteqrasiyası və proqram təminatının hazırlanması və inkişafı sahələrində fəaliyyət göstərən 7 şirkətə texnologiyalar parkının (texnoparkdan kənar) rezidenti kimi fəaliyyət göstərmək üçün qeydiyyat şəhadətnaməsi verib.

Bu barədə Agentlikdən bildirilir.

Məlumata görə, şəhadətnamələri bu gün keçirilmiş qurumun İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov şirkət rəhbərlərinə təqdim edib. Beləliklə, həmin şirkətlər rezident olmaqla 10 il müddətində gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq vergisindən azad olunacaqlar. Eyni zamanda sosial sığorta ödənişi üçün təqdim edilən güzəşt və seçim imkanlarından yararlana biləcəklər. Həmin şirkətlərdə əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmayacaq.

Normativ aktlara edilmiş bir sıra əlavə və dəyişikliklərə əsasən sistem inteqrasiyası və (və yaxud) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq – 10 il müddətinə:

• bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.

• gəlir vergisində bir sıra güzəştlərdən yararlanacaqlar: 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 01.01.2026-cı ildən 7 il müddətinə isə gəlirin 5%-i həcmində ödəniləcək.

• 2023-cü ilin yanvarın 1-dən 10 il müdətində seçimlərindən (rezident və əməkdaşları) asılı olaraq məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödəniləcək.

• texnoparkdan kənar fəaliyyət göstərmək üçün cəlb olunan əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmayacaq.

Texnologiyalar parkının rezidenti olaraq texnoparkdan kənar fəaliyyəti üçün proqram təminatı və sistem inteqrasiyası üzrə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər idda.az saytına daxil olaraq müraciət edə bilərlər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər