-1 C
Baku
Sunday, December 15, 2024

İnşaat şirkəti ₼71 mln.-luq gəlirə qarşı ₼25 mln. xalis mənfəət əldə edib

Azərbaycanda inşaat sektorunda iri tikinti işlərini aparan “Protean Construction” ASC 2023-cü ildə 24.83 milyon manat xalis mənfəət əldə etdiyini açıqladı. Halbuki, bu rəqəm 2022-ci ildə 15.53 milyon manat idi.

Banker.az bu barədə şirkətin illik audit olunmuş maliyyə hesabatına istinadən xəbər verir.

Şirkətin xalis mənfəətindəki kəskin artıma səbəb onun apardığı işlərdən gəlirlərin böyük fərqlə artmasıdır. 2022-ci ildə bağladığı müqavilələrdən 43.47 milyon manat gəlir əldə edərkən, 2023-cü ildə bu rəqəm 63 faiz daha çox – 70.87 mln. manat olub. Şirkətin 37.38 mln. manatlıq xidmətin maya dəyərinə çəkdiyi xərcdən sonra 33.49 mln. manat ümumi mənfəəti olub.

Bu xalis mənfəətdən sonra “Protean Construction”ın balansındakı bölüşdürülməmiş mənfəəti 46.16 mln. manata yüksəlib. Bununla belə, şirkət 2022-ci ildəki kimi, 2023-cü ildə də səhmdarlara dividend ayırıb. 2023-cü il üzrə dividend ödənişi 8.86 mln. manat olub. Öncəki ildə səhmdara 8.14 mln. manat dividend ödənilmişdi.

“Protean Construction”ın səhm kapitalı cəmi 161 min manatdır.

Hesabat müddətində əmlak və tikililərin dəyəri 32.16 mln. manatdan 46.91 mln. manata yüksəlib.

Xatırlatma!

2017-ci ildə rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti bazasında “Protean Construction” ASC təsis edilib. Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri və su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşmışdır. Nizamnamə kapitalı 160672 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər