9 C
Baku
Thursday, December 26, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®Bu həftə ABŞ-da ÜDM, Avrozonada və İngiltərədə inflyasiya göstəriciləri birjalara yön verəcək.

“InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Ötən həftə ABŞ Federal Ehtiyyatlar Sisteminin (FED), Avropa Mərkəzi Bankının (ECB) və İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarı və monetar siyasətlərinin gələcəyinə dair verdikləri açıqlamalar sonrası dolların major valyutalar qarşısında ucuzlaşdığının şahidi oluruq.

Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən dollar indeksi geridə qoyduğumuz həftə ərzində 101.80 bəndə qədər gerilədikdən sonra, həftənin son ticarət günündə Amerikada proqnozların üzərində, İngiltərə və Avrozonada isə ehtimal olunandan daha zəif açıqlanan Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəricilərindən sonra bir qədər yüksəlməyi bacardı.  Və DXY həftəlik şamını 102.60 bənd səviyyəsində bağladı. Analitiklər hesab edirlər ki, DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər. Qeyd edək ki, cari həftə ərzində ABŞ-da açıqlanacaq bir sıra önəmli iqtsadi göstəricilər dolların gələcəyinə dair bir çox suallara aydınlıq gətirə bilər. Belə ki, bu həftənin cümə axşamı və cümə günləri Amerikada dərc olunacaq ÜDM-in həcmi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi, Şəxsi Xərclər İndeksi, mənzil bazarında satışlarla bağlı bir sıra önəmli göstəricilər birjalara yön verə bilər.

İnvestorlar, cümə günü FED-in üstünlük verdiyi əsas inflyasiya göstəricilərindən olan Şəxsi İstehlak Xərcləri İndeksinin (PCE) açıqlanması ilə bu ilki inflyasiya ilə bağlı ən son yeniləməni alacaqlar.

İqtisadçılar, PCE qiymət indeksinin noyabr ayında ardıcıl ikinci ayda da sabit qalacağını ehtimal edirlər. Lakin Şəxsi İstehlak Xərclərinin Baza İndeksinin isə 0.2% artdığı düşünülür.

Bundan əlavə, “Conference Board” İstehlakçı İnamı İndeksi, İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı və Uzunmüddətli İsti fadə üçün Nəzərdə Tutulmuş Malların Sifarişləri ilə bağlı məlumatlar açıqlanacaq və mənzil bazarında satışlarla bağlı yeniləmələrlə yeni və mövcud ev satışları haqqında hesabatlar yayımlanacaq.

Yaponiya Mərkəzi Bankının (BoJ) qarşıdakı aylarda mənfi faiz dərəcələrinə son verə biləcəyi ilə bağlı ehtimallar artır. Bu, investorların FED və digər böyük Mərkəzi bankların faiz dərəcələrini nə vaxt aşağı salmağa başlayacağını gözlədiyi bir vaxtda yenidən Yaponiya Mərkəzi Bankını ümumi tendensiyadan kənarda qoyur.

Çərşənbə axşamı BoJ-un iclasında heç bir dəyişiklik gözlənilmir, lakin investorlar bankın yanvar iclasında dəyişiklik edib-etməyəcəyinə dair ipuçları əldə etmək üçün faiz dərəcəsi bəyanatını diqqətdə saxlayacaqlar.

Bu vəziyyət və FED-in “göyərçin” tendensiyası iyul ayından bəri ilk dəfə Yapon yenini bir dollar üçün 141¥-dən yuxarı qaldırdı.

BoJ sədri Kazuo Ueda keçən həftə Mərkəzi bankın ilin sonu və 2024-cü ilin əvvəlində “daha da çətin” vəziyyətlə üzləşdiyini söylədi. Spekulyantların faiz siyasətində dəyişikliyinin qaçınılmaz olacağına dair ehtimalları artırdıqca bu amil,  Yapon yenini daha da gücləndirir.

Ötən həftəyə 146.89¥ həddində start verən USDJPY məzənnəsi həftə ərzində 146.58¥ hədlərinə qədər bahalaşdıqdan sonra, burada “ayılar”ın müqavimətilə qarşılaşaraq kəskin ucuzlaşdı və həftəni 142.16¥ səviyyəsində başa vurdu.  Paritetin həftə ərzində gördüyü minimum səviyyə isə 140.96¥ olub. Təhlillərə əsasən “ayılar” qiyməti 145¥ səviyyəsinin altında saxladıqları müddətcə, cütlükdə eniş tendensiyası davam edə bilər.

İnvestorlar birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, Amerika ilə yanaşı, Avrozonada İstehlak Qiymətləri İndeksi (CPİ), Almaniyada İstehsal Qiymətləri İndeksi (PPİ), İngiltərədə həm CPİ, həm də PPİ, eləcə də ÜDM-in həcmi kimi önəmli iqtisadi göstəriciləri yaxından izləyəcəklər.

Bazar iştirakçıları bu həftə həmçinin Yaponiyada və Kanadada İstehlak Qiymətləri İndeksi  kimi önəmli iqtisadi göstəriciləri və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarını diqqət mərkəzində saxlayacaqlar.

EUR

Ötən həftə DXY-da mühaşidə olunan kəskin geriləmə əsas valyutalar kimi avronun da dollar qarşısında ciddi bahalaşmasına səbəb oldu.

Bu həftə çərşənbə axşamı Avrozonada İstehlak Qiymətləri İndeksi, çərşənbə günü Almaniyada İstehsal Qiymətləri İndeksi kimi önəmli iqtisadi rəqəmlər diqqətlə izləniləcək.

Təhlillərə əsasən, EURUSD məzənnəsində “buğalar” qiyməti 1.09$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.

GBP

Ötən həftəyə 1.2520 səviyyəsində start verən GBPUSD məzənnəsi həftə ərzində 1.2793 həddini test etdikdən sonra bir qədər gerilədi və həftəlik şamını 1.2670 səviyyəsində tamamladı. Cari həftə ərzində isə, İngiltərədən açıqlanacaq İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi və ÜDM-in həcmi kimi önəmli iqtisadi göstəricilər funt-sterlinqin valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər.

NEFT

FED-in mümkün faiz endirimlərinin ABŞ-da tələbi artıracağına dair optimizm və Beynəlxalq Enerji Agentliyinin (IEA) müsbət proqnozu fonunda neft qiymətləri ötən həftənin son ticarət günündə yüksələrək son iki ay ərzində ilk dəfə həftəlik şamını artımla tamamladı.

“WTI” 0.7% artaraq 71.80$, “Brent” markalı neft isə 0.6% bahalaşaraq 77$ səviyyəsində həftəlik şamlarını bağladılar.

“Qara qızıl” (Brent) hazırda enerji birjalarında 77$-dan təklif olunur. Analitiklərin proqnozlarına əsasən “Buğalar” qiyməti 78$ həddinin üzərinə qaytara və burada möhkəmləndirə bilsələr, neft 80$-a kimi bahalaşa bilər. 75$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 73$ və 70$ səviyyələri çıxış edir.

78$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, “Brent” neft 80$ və 82$-a kimi bahalaşa bilər.

XAUUSD

Dolların zəifləməsi və 2024-cü ildə faiz dərəcəsinin azaldılması ehtimallarının artması ilə qızıl 2020-ci ildən bəri ilk dəfə ili artımla tamamlamaq yolunda inamla addımlayır.

Çünki aşağı faiz dərəcələri külçə qızıl saxlamağın cazibəsini artırır.

ABŞ-ın 10 illik istiqraz gəlirləri 2022-ci ilin əvvəlindən davamlı olaraq artsa da, onlar yalnız iyun ayında müsbətə çevrilərək qızılı rekord səviyyələrdən geri çəkdi. İstiqraz gəlirlərinin səkkiz ilin ən yüksək səviyyəsinə çatması belə, qızılın 2000$-dan yuxarı qalxmasına mane olmadı. Bununla belə, qiymət 1980-ci ildə görünən 2500$-dan (bütün zamanların ən yüksək göstəricisi) hələ də 20% uzaqdır.

İnvestorlar gələn il faiz endirimlərinin reallaşacağına əmin olsalar da, siyasi və iqtisadi qeyri-müəyyənlik artır. Bu da, qızıl investorları üçün potensial olaraq müsbət günlər gətirə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

___________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər