Təqdimatdan sonra iPhone 11 alıcılar arasında böyük səs küyə səbəb oldu. Onların bir hissəsi artıq Apple mağazalarının qabağında sıra qurmağa, digərləri isə online mağazalar vasitəsilə smartfonu ön sifariş etməyə başladılar. Çində məşhur olan Tmall adlı online ticarət servisi smartfonu ön sifariş etmiş alıcıların saylarını açıqlayıb. Bu barədə Gizchina saytı xəbər verib.
Apple şirkətinin öz online mağazasından əlavə olaraq smartfonlar digər online mağaza servislərində də satışa çıxırlar. Onların arasında məşhur Tmall servisi də var. Servisin təqdim etmiş olduğu məlumata əsasən alıcıların diqqətini ən çox adi iPhone 11 modeli çəkib. Belə ki, bu smartfonu artıq 1 milyon insan ön sifariş edib.
Servis qeyd edib ki, keçən ilki iPhone XR modeli ilə müqayisədə bu ilki iPhone 11 modelinin ön sifarişləri 200% təşkil edib. Məlumatda həmçinin qeyd edilib ki, yeni iPhone 11 modelinin alıcılar arasında bu qədər məşhurlaşması onun alıcılara təqdim edilməsində gecikməyə səbəb olmayacaq. Qeyd etmək lazımdır ki, yeni iPhone modellərinin satışları 20 sentyabr tarixində başlayacaq.
©Technote.az