14 C
Baku
Thursday, May 2, 2024

iPMO və ya PMO-da Süni İntellekt: 3-cü dalğa

Artıq süni intellektə həyatımızın bir çox sahələrində rast gəlirik. Mütəxəssislər bunu süni intellekt inkişafının 3-cü dalğası adlandırır. Bu dalğanın başlanmasını bəzi hallarda 1997-ci ildə süni intelektin şahmat oyununda insana qalib gəlməsilə əlaqələndirilir. Bəs süni intellektin inkişaf tarixinə nəzər yetirsək 1-ci dalğanın nə vaxta aid olmasını necə müəyyən edə bilərik? Deyilənə görə məhz XX əsrin ortalarında, kibernetika elminin, Elektron Hesablanma Maşınların, süni neyron şəbəkələrinin ilk modellərinin yaranması ilə başlayır. Məşhur filosof və kibernetik Qeliy Nikolayeviç Povarov çıxışlarının birində bildirmişdir ki, süni intellektin tədbiq sərhədlərini təcrübə müəyyən edəcək. Növbəti və hazırda aktual olan süni intellekt konsepsiyasının ilkin formalaşdırılması məhz 2-ci dalğası, 80-ci illərdə texnologiyaların geniş yayılmasına təsadüf edir. 

1987-ci ildə “Project Management Journal”da Vilyam Xoslinin “Suni İntellekt proqramının Layihələrin İdarə Edilməsində tədbiqi” adlı məqaləsi dərc edildi. NASA tərəfindən qərarların qəbul edilməsində Ekspert Sistemlərinin geniş analizinə start verildi. Elə həmin vaxt da layihələrin idarə edilməsində ilk süni intellekt sistemi Callisto təklif edilmişdir. Hazırda 3-cü dalğanın isə sürətlə inkişafı mövcud olan texnologiyaların geniş yayılması ilə əlaqədardı. Aparıcı süni intellekt platformalarının biri sayılan Microsoft Azure tərəfindən süni intellekt mənasını, kompyuterin rasional insan davranışığını imitasiya etmə bacarığını bildirir.  

Maraqlı araşdırma.

MBA Buraxılış işini hazırlayarkən Azərbaycanda Layihə İdarə Olunmasında hansı süni intellekt proqram təminatlarından istifadə edilməsini müəyyən etmək üçün sosial şəbəkəmdə peşəkarlar arasında xırda sorğu keçirmək qərarına gəldim. Sorğuda 80-dən çox respondent iştirak etsə də, süni intellekt proqram təminatı barədə heç bir məlumat olmamışdır. Microsoft Project, Primavera, Jira bunlar sadəcə layihə idarə edilməsi alətidir, süni intellekt elementlərinə cavab verən standartlar barədə daha ətraflı digər məqaləmdə toxunacam.

6565 3

Təbii ki, bu sorğunun nəticəsini əsas gətirərək gərarın qəbul edilməsi düzgün olmazdır. Lakin sosial şəbəkələrin geniş yayıldığı və əksəriyyətin müassir texnologiyalardan istifadə etdiyi bir zamanda sıfır nəticəsi düşünməyə vadar edir.

Bu arada onu da qeyd edim ki, peşəkar karyeramda Layihələrin İdarə Edilməsi Ofisi (Project Management Office – PMO) mövzusu xüsusi yer alıb. PMO Global Awards münsiflər komitəsinin üzvü olaraq bir çox fərqli Beynəlxalq PMO-ları analiz edir, qiymətləndirməsini aparıram.

Layihələrin İdarə olunmasında Süni İntellekt

MBA buraxılış işimin yüksək qiymətləndirilməsində əsas rol təcrübəmə geniş istinadlar olmuşdur. Layihələrin idarə edilməsində peşəkarlıq təcrübə ilə qazanılır. Suni İntellektin də layihələrin idarə olunmasında təcrübəyə, geniş datalara ehtiyyacı vardır. Təbii ki, həmin dataları emal etmə bacarığı olan texnologiyanın olması da vacibdir.

Aktiv təmsil etdiyim Rusiyanın Layihə Assosiasiyasından həmkarım Aleksandr Mixaylov İPMO haqqında yazdığı məqaləsində Layihələrin İdarə Edilməsində süni intellektin təkamülünü 3 mərhələyə bölür. Birinci mərhələ korporativ sistemlərin qurulması və proseslərin avtomatlaşdırılmasını bildirir. Müasir yanaşmanı, yəni 2-ci mərhələnin özü 2 hissəyə bölünür:

  • Layihə menecerlərinin virtual köməkçisi
  • Layihələrin idarə edilməsinin intellektual sistemi.

655

Layihə menecerinin virtual köməkçisi adətən məhşur mesencerlərlə inteqrasiya edilir və funsionallığına görə aşağıdakıları qeyd etmək olar:

  • Tapşırıqların tanınması, mətn və nitq
  • Konsultasiya dəstəyi 24/7
  • Tipik sualların dərhal cavablandırılması
  • Hesabatların formalaşdırılması
  • Görüşlərin və iclasların təşkilində köməklik
  • Planlaşdırılmış tədbirlərin xatırladılması
  • İdarəetmə sistem məlumatlarının aktuallaşdırılması

Buna misal olaraq askBrian (https://askbrain.ai/) – virtual köməkçini qeyd etmək olar. Sistem daim təkmilləşir və yeni alətlər əlavə edilir. Məsələn: askBrain sistemi layihə sənədlərini digər dillərə çevirir, 100-dən çox sahələrin göstəricilərini emal edir, digər ölkələrin vergi öhdəliklərini göstərir, prezentasiyaların hazırlanmasında layihə məlumatlarını müəyyən edir və s imkanlara malikdir. 

Yaxın bir neçə ildə süni intellekt virtual köməkçilər bazarı inkişaf mərhələsini daha dinamik yaşayacaq. “Research and Markets”in hesablamalarına görə ABŞ-da 2024-cü ilə virtual köməkçi bazarı 11 mlrd ABŞ dollarını keçəcək. Nəzərə alınsa ki, bu 2018-ci ilə cəmi 2 mlrd ABŞ dolları olub, bu həqiqətən də yüksək artım tempidir. 

Layihələrin İdarə Edilməsi süni intellektin tədbiqinin digər istiqaməti isə layihələrin idarə olunmasında istifadə edilən intellektual imkanların inkişafı ilə əlaqəlidir. Burada yuksək texnologiyalardan yararlanması mümkün olan alətlərdən söhbət gedir. 

Sorğuda iştirak edənlərdən 2 nəfəri Datana Smart alətini qeyd etmişdir. Həmin həmkarlarla əlaqə saxlamağa çalışsam da nəticə verməmişdir. Lakin Datana Smart-ı analiz etdikdə məlum oldu ki, layihə idarə edilməsi alətindən çox bu istehsalatda texnoloji proseslərin idarə olunması və optimallaşdırılmasına yönləndirilmiş intellektual platformadır. 

Qeyd etmək istəyirəm ki, Rusiyanın aparıcı layihə menecerləri ilə birgə hazırda iPMO, Layihə idarə edilməsində süni intellektin inkişaf perspektivləri layihəsində iştirak edirəm. Layihənin əsas məqsədi layihə və komponentlərində istifadə ediləcək, süni intellekt əlamətləri olan ayrı-ayrı platformaları peşəkarlara təqdim etməkdir. Layihəmizin nəticəsinin elanından qabağa qaçaraq platformalarda bəzilərini aşağıda qeyd etmək yerinə düşər.

Autodesk Construction IQ – AutodeskBIM 360 platforması istifadə olunan tikinti layihələrində risklərin və keyfiyyətin idarə olunmasına yönləndirilmiş intellektual sistemdir (https://www.autodesk.ru/press-releases/2019-03-25 )

Aurora – iri və mürəkkəb layihələrdə planlaşdırmanın düzgün aparılmasında istifadə edilən sistemdir. Əsas faydası və efektifliyi məhdudiyyətlər və qəliz tələbləri olan layihələrdə göstərir (https://www.stottlerhenke.com/products/aurora/)

Liquid Planner – daha bir intellektual planlaşdırma alətidir. Əsas effektivliyi layihələrin icra proqnozlarının, prioritetlərin dəyişdirilməsi və resursların keyfiyyətli təyin edilməsində əks olunur (https://www.liquidplanner.com/)

Bu araşdırma mənim üçün PMO-da yeni bir səhifə açdı. Mən bunu iPMO, Layihələrin İdarə Edilməsində süni intellekt adlandırıram. Hesab edirəm ki, süni intellekt layihə menecerlərinin idarəetmədən tam uzaqlaşdıra bilməyəcək, çünki kritik məqamlarda insan faktoru və qərarı əvəz olunmazdır.

Ardı var…

Müəllif: Rəşad İbrahimov

Son xəbərlər
 ⁠
Digər xəbərlər