İpoteka krediti əldə etmək istədiyimiz zaman bir çoxlarımız müxtəlif mərhələdə problemlərlə qarşılaşırıq. Əslində əksəriyyətimizin problem yaşaması, sənədləri yığırıqsa ehtiyac duyulan sənədləri tam bilməməyimiz, eyni zamanda bankın əlavə sənədlər tələb etməsindən asılı ola bilər.
Ancaq burada belə bir məqam var ki, əgər siz ipoteka kreditinizi istər bank hesabına, istərsə də AİF xətti ilə almağınızdan asılı olmayaraq hüquqlarınızı və vəzifələrinizi bilirsinizsə, onda həm krediti daha rahat, problemsiz, həm də qısa müddətə ala bilərsiniz.
Banker.az saytı olaraq oxucularımızın ipoteka krediti əldə etdikləri zaman hansı mərhələlərdən keçməsini daha dəqiq bilmələri üçün araşdırma aparmaq qərarına gəldik.
Belə ki, bu zaman ilk olaraq şəxsi imkanlar qiymətləndirilir. Yəni krediti əldə etmək istəyən şəxs öz imkanlarını və almaq istədiyi kreditin məbləğinin təminatlığını göstərməlidir.
Krediti əldə etmək üçün banka müraciət etdiyiniz zaman ilk olaraq ipoteka ilə alacağınız ev qiymətləndirilmədən keçməlidir. İpoteka girovunun qiymətləndirilməsi isə bankın mütəxəssisləri və ya müstəqil qiymətləndirici tərəfindən olmalıdır. Təqdim etdiyiniz sənədlər əsasında isə bankda sizin krediti qaytarma qabiliyyətiniz və ipoteka kreditinin təminatlığı qiymətləndirilir. Nəticədə bankdan ipoteka kreditinin verilib-verilməməsinə dair qarar qəbul olunur və sizə bu haqda məlumat verilir.
İpoteka kreditinin verilməsində son qərar qəbul olunduqdan sonra isə bankla sizin aranızda kredit müqaviləsi imzalanır. Yaşayış sahəsinin mənzilin alıcısı ilə satıcısı bankın nümayəndəliyi ilə birlikdə yaşayış sahəsinin alqı-satqısı və ipotekası müqaviləsinin bağlanması üçün Dövlət Notariat Kontoruna müraciət etməli və lazımi sənədləri təqdim etməlidir. Notariat Kontoru borcalan və bank tərəfindən yaşayış sahəsinin dəyərinin Dövlət Notariat Kontorunun depozit hesabına mədaxil edilməsi üçün müraciət təqdim edir.
Krediti əldə edən şəxsin mənzilin satıcısı ilə hesablaşması üçün Dövlət Notariat Kontorunun depozit hesabına nağd və ya nağdsız şəkildə köçürülür. Qarışıq müqavilə qanunvericiliyə uyğun olaraq notarial qaydada təsdiq edilir.
Bağlanmış qarışıq müqavilə isə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə (DƏDRX) təqdim olunur. DƏDRX alıcının mülkiyyət hüququnu və bankın ipoteka saxlayan qismində hüquqlarını dövlət qeydiyyatına alır.
İpoteka girovunun sığortalanması həyata keçirildikdən sonra isə sığorta müqaviləsi və sığorta ödənişini təsdiq edən sənəd banka təqdim olunur.