9 C
Baku
Thursday, December 12, 2024

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı müəyyən olundu

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış İpoteka və Kredit Zəmanət Fondu qeyri-kommersiya hüquqi şəxsinin nizamnamə kapitalı 466 mln. manat olacaq.

Banker.az-a daxil olan məlumata görə, bu barədə yeni qurumun nizamnaməsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, sözügedən məbləğin artırılması və yaxud azaldılması Mülki Məcəlləyə uyğun həyata keçirilir. Fondun nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər təsisçinin qərarı ilə onun istifadəsinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.

Eləcə də bax: İki fondun birləşməsi biznesə necə təsir göstərəcək?

Fondun əmlakı nizamnamə kapitalına daxil olan əmlak, dövlət büdcəsindən ayırmalar, öz fəaliyyətindən əldə olunan daxilolmalar, emissiya etdiyi istiqrazların yerləşdirilməsindən əldə olunan vəsaitlər, alınmış kreditlər, yardımlar, qrantlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

Fond qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra özünün, törəmə cəmiyyət, idarə, filial və nümayəndəliklərinin fəaliyyətindən əldə edilmiş mənfəət üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Fond xərclərini öz gəlirləri hesabına maliyyələşdirir.

Fondun milli valyutada pul vəsaiti Azərbaycan Mərkəzi Bankında açılan bank hesablarında saxlanılır. Fond sərbəst pul vəsaitini ipoteka kreditləşməsindən başqa, müəssisələrin səhmlərinin (paylarının) və dövlət qiymətli kağızlarının əldə olunmasına, müvəkkil banklarda və yaxud kredit reytinqi ölkənin (suveren) borc reytinqindən maksimum 1 pillə aşağı olan yerli banklarda depozitlərin yerləşdirilməsinə yönəldə bilər.

Fond balansında olan dövlət əmlakına münasibətdə öz səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 6 iyun 2007-ci il tarixli fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir. Fond ləğv edildikdə, onun borclarının ödənilməsindən sonra qalan əmlakı dövlət büdcəsinə yönəldilir.

Son xəbərlər
Digər xəbərlər