Beynəlxalq təşkilatların hesabatlarına nəzər salsaq, görərik ki, inkişafın statistikasında son dövrlərdə baş verən proseslər heç də ürəkaçan mənzərə yaratmır.
Bunu “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən tədbirdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.
H.Hüseynov qeyd edib ki, bu sahədə bütün maraqlı tərəflərin birgə fəaliyyət göstərməsi çox vacibdir:
“İyul ayında BMT Baş Katibinin inkişafla bağlı bir hesabatı açıqlandı. Qlobal olaraq bütün ölkələrin qoşulduğu və hər kəs üçün də məlum olan dayanıqlı inkişaf məqsədləri (DİM) təşəbbüsü üzrə yalnız 17% göstəricilərdə müsbət tendensiya müşahidə olunurdu. 83% göstəricilərə əsasən, həm iqtisadi, həm ekoloji, həm də ətraf mühitlə bağlı statistikada qlobal dünya problemlər yaşayır. Bunun ən böyük səbəblərindən biri kimi maliyyə boşluğunun mövcud olması göstərilir. İstər iqtisadi, istərdə də, sosial baxımdan ətraf mühit və xüsusilə iqlim dəyişmələrinin ortaya çıxartdığı fəsadların yaratdığı maliyyə boşluğu bu gün bu hədəflərə və inkişafda olan maliyyə boşluğunun doldurulmasına mənfi təsir göstərir”.
O, bildirib ki, bəzi hesablamalarda 2020-2025-ci illər ərzində iqlim dəyişmələrinin yaratdığı maliyyə boşluğu illik 1 trilyon ABŞ dolları həcmində qiymətləndirilir:
“Bu rəqəmin 2025-2030-cu illərdə təxminən 1,4 trilyon ABŞ dolları həcmində olacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, iqlim dəyişmələri təxminən 2,4-2,5 trilyon ABŞ dolları həcmində bir maliyyə boşluğu yaradır, bu boşluğun yalnız dövlətlər tərəfindən doldurulması mümkün görünmür. Ona görə də burda özəl sektorun prosesə, yəni maliyyə boşluğunun aradan qaldırılmasına cəlb olunması vacibdir. Bunun üçün dövlət də səylər göstərməlidir. Bizim də əsas çalışdığımız özəl sektorla birlikdə bu sinerjinin qurulması və özəl sektorun maliyyə boşluğunun, xüsusilə də iqlim və ətraf mühitin yaratdığı maliyyə boşluğunun aradan qaldırılmasına yönləndirilməsidir”.