14 C
Baku
Thursday, April 25, 2024

İqtisadçı baxışı: Dünya addım-addım daha böyük münaqişəyə doğru gedir

Cavabsız sualların deyil, əslində səsləndirilməsi vacib olub səsləndirilməyən sualların burulğanına düşməkdəyik.

– Neft 80 dollara satılanda ABŞ-da inflyasiya 5.5% ətrafında idi. ABŞ enerji qiymətlərinin artmasından narahat olduğunu səsləndirdi, amma heç bir addım atmadı. ABŞ-da rəsmi elan olunan inflyasiya 7% ətrafındadır, neft 100 dollar ətrafında. ABŞ neftin baha olması barədə fikir səsləndirmir, heç bir addım atmır, şist neft istehsalından bir xəbər yoxdur. OPEC+ ölkələrinə istehsalı artırın müraciəti yoxdur. Niyə?

Avropa bahalı qaz qiymətləri ilə boğulur, günahkar Rusiyadır deyilir və Şimal axını-2 layihəsinə də sanksiyalar qoyulur. Avropa təhlükəsizliyi bahalı qaz qiymətlərindən daha üstün tutduğunu elan edir. Rusiya-Ukrayna arasında çoxdan gözlənilən toqquşmanın bu dəfə (Gürcüstanda olduğu kimi və ya Krımın ilhaqı kimi) Donbas və Luqansk ilə məhdudlaşmasının ehtimalı aşağı düşür. Dünya addım-addım daha böyük münaqişəyə doğru gedir. Münaqişə əvvəlcə fərqli xarakterdə olsa da, ustalıqla Avropa-Rusiya münaqişəsinə çevrilməkdədir. Niyə? Bu niyənin qismən cavabı var. Avropanın NATO-ya ehtiyacı var. Çünki Rusiya kimi qonşusu var fikirlərini vaxtilə Avropa qulaqardına vururdu.

– Dünyada iqtisadi bərpa haqqında danışılır. Amma… Rəqəmlərə və məntiqə müraciət edək. Qlobal iqtisadiyyatın 2021-ci ildə 5.5% böyüdüyü qeyd olunur. Doğrumu? Xeyr. 5.5% böyümə = Nominal ÜDM – rəsmi inflyasiya. Məhz rəsmi inflyasiya. Maksimum sadələşdirərək (mürəkkəb terminologiya və formullardan qaçaraq) açıqlamağa çalışacaq. Yəni, dünyanın hər hansı ölkəsində 2020-ci ildə mal və xidmətin həcmi 10 milyard dollar, 2021-ci ildə 11 milyard dollar olmuşsa, ÜDM-nin nominal artımı 10% artmışdır. Amma bu artımın içərisində qiymət artımı, yəni inflyasiya da var. Real artımı müəyyən etmək üçün nominal artımdan inflyasiya çıxılır (məsələn, rəsmi inflyasiya 4.5%) və yerdə qalan rəqəm ÜDM-nin real artımıdır. ÜDM artımından rəsmi inflyasiyanı çıxmaqla qlobal real ÜDM artımının 5.5% olduğu, yəni qlobal iqtisadiyyatın 5.5% böyüdüyü bildirilir. Məsələ burasındadır ki, ABŞ başda olmaqla dünyanın bir çox ölkələrində rəsmi inflyasiyaya paralel olaraq bir də qeyri-rəsmi inflyasiya hesablanır və ən yaxşı halda bu rəqəmin rəsmi inflyasiyadan 1.5-2 dəfə çox olduğu bildirilir. Uzun təhlil və rəqəmlərlə yormadan qısaca qeyd edim ki, dünya iqtisadiyyatı real olaraq əslində böyümədi, əksinə kiçilməkdə davam etdi. Amma bu narahatlıq dünya səhnəsində büruzə verilmir. Niyə?

– Hər bir ölkə, o cümlədən qlobal iqtisadiyyat üçün ən böyük təhdid inflyasiyadır. FED-in bu il ərzində 3-4 deyil, 5-6, hətta 7 dəfə faiz artımına gedəcəyi siqnalları verilir. Böyük ehtimalla belə də olacaq. Amma indiyə qədər (yəni rəsmi inflyasiya 7% həddinə çatana qədər) FED faiz artımına getmədi, əksinə pul çapı davam etdi, enerji qiymətlərinin düşürülməsi deyil, əksinə müxtəlif manipulyativ vasitələrlə (o cümlədən Rusiya-Ukrayna gərginliyi) zirvəyə çıxarılır. Niyə? Bu niyənin bir neçə cavabı var. Cavablardan biri odur ki, faiz artımı iqtisadi artımı, böyüməni zəiflədir. Yuxarıda qeyd etdiyim kimi, hazırda iqtisadiyyatlar əslində böyüməli, bərpa olunmalıdır. Faiz artımı isə bu böyüməni zəiflədər, iqtisadiyyatları daha da kiçildər. Əslində, səsləndirilməsə də, yuxarıda qeyd etdiyim məsələ, qlobal iqtisadiyyatın real olaraq kiçilməsi daha ciddi risk kimi qəbul edilərək, faiz artımları gecikdirilir. Amma, bu cavablardan biridir, bütün cavablar deyildir.

– Beynəlxalq Valyuta Fondu (BVF) “The Big Reset on World Economy” (Dünya İqtisadiyyatında böyük yenilənmə (ingilicə “reset” sözü daha incə məna daşıyır. “Bir prosesi söndürüb yenidən dövriyyəyə daxil etmək” daha doğru qarşılığı olar)) haqqında düşüncə və planları nələrdir? Bu haqda danışıldı, BVF 2007-2009 maliyyə böhranından sonra bunun qaçılmaz olduğunu bildirirdi. İndi səssizlikdir. Yəni, plan haqqında danışılır, proses haqqında deyil. Niyə?

Burada qeyd olunan niyə sualları ciddidir, dərindir, həm də narahatedicidir. İllər öncə səsləndirdiyim bir fikri bir daha təkrar etmək istərdim. Dünyada hər hansı bir ən dərin böhrandan belə əvvəl-axır çıxılırsa, o böhran dərin, təhlükəli böhran deyildir. Yəni, ən təhlükəli böhran dərin və bir dəfə baş verən böhran deyildir. Ən təhlükəli böhran xroniki hal alan böhrandır. Ən təhlükəli böhran idarəolunan böhrandır. Ən təhlükəli böhran xaosa aparan böhrandır. Sonuncusu daha sarsıdıcıdır. Çünki, bir çox problemlər məhz xaos idarəçiliyi ilə həll olur. Amma yaranan xaosun bədəlini ayrı-ayrı ölkələr, xalqlar və ya bəzən bir və ya bir neçə iqtisadi güc mərkəzi daha ağır ödəyir. Uduzan olmasa udan olmur.

Bu səbəbdən hazırda ölkələr özlərini səsi gəlib özü görünməyən sunami(lər)dən uzaqda, kənarda saxlamağa çalışırlar.

RUSİYA KÜVEYTİ İŞĞAL EDƏN İRAQI XATIRLADIR

Qeyd olunanların bir çox iqtisadi güc mərkəzlərinə gözlənilən təsirlərini kənarda saxlayaq. Hamını narahat edən Rusiya-Ukrayna münaqişəsinə nəzər salaq. Rusiya da anlayır ki, Donbas və Luqansk Abxaziya və Osetiya deyil və olmayacaq. Rusiya Kiyevə daxil olacaq deyilsə də Rusiya hələlik bu kimi variantları istisna edir və addım atmır. Son günlərdə ABŞ Prezidenti bəyan etdi ki, Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır. Rusiya sübut etməli və göstərməlidir ki, nüvə silahına əl atmayacaq. Yavaş-yavaş dişsiz, zəif, müdafiəyə ehtiyacı olan bir Qərb, güclü, qarşısında heç bir dövlətin dura bilməyəcəyi, hətta istədiyi ilə istədiyi kimi rəftar edə bilən bir Rusiya imici formalaşmaqdadır. Bu ən çox Rusiyanın özü üçün risklidir. Hazırki vəziyyətlə bağlı çox paralellər aparmaq olar. Amma bu vəziyyət daha çox Küveyti işğal etməzdən öncəki İraqı xatırladır. Amma Rusiya da İraq deyil. Həm zaman, həm böyüklük, həm əhatə dairəsi baxımından. Məhz dünyanı da narahat edən bu amildir. Xüsusilə bu münaqişə böyüyərsə ödəniləcək bədəlin nəticəsinin proqnozlaşdırılması çətindir. Bizim bildiyimiz odur ki, bir prosesin nəticəsini isə yalnız onu idarə edənlər bilər. Son hadisələr, xüsusilə bir çox dövlətlərin bu münaqişədən kənarda qalmağa cəhd etməsi, Rusiya və Ukraynanın özündə hiss olunmağa başlayan narahatlıq və qeyri-müəyyənliklər səsləndirilən fikirləri bir daha dəstəkləyir. Bir çox dövlətlər eyni nöqtəyə doğru gedir, fərqli yollarla, fərqli istiqamətlərdən, fərqli sürətlərlə, amma…niyə suallarının cavablarını bəzən düşünmədən, bəzən də düşünmədiklərini süni şəkildə göstərməklə..

Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər