6 C
Baku
Sunday, December 15, 2024

İqtisadçılar yoxsa hüquqşünaslar…

Müəllif: Ekspert Bəhman Hüseynli

Azərbaycan bu gün bazar iqtisadiyyatı şəraitində irəliləməkdədir. Bazar iqtisadi sistemində isə dövlətin iqtisadiyyata müdaxiləsi labüddür. Belə ki, bazar iqtisadi sistemində iqtisadiyyat iki cür tənzimlənir: birincisi, tələb-təklif qanunlarının təsiri ilə “təbii şəkildə” və ikincisi, iqtisadi qanunlarla “süni şəkildə”. Dövlət sosialyönümlü iqtisadiyyatı dəstəkləyir, bunun üçün də müəyyən mexanizmlərlə bazarı tənzimləyir ki, bu da qanunvericiliyə əsaslanır.

İqtisadiyyatın tənzimlənməsi hüquqa əsaslanır. Bu zaman isə belə bir sual ortaya çıxır: İqtisadiyyatın tənzimlənməsini hüquqşünaslar yoxsa, iqtisadçılar həyata keçirməlidir? Sualın cavabı isə sadədir: iqtisadi hüquqçular.

Bəs nədir iqtisadi hüquq, o harada tədris olunur?

İqtisadi hüquq – iqtisadi münasibətlərin hüquqa əsaslanaraq tənzimlənməsidir. İqtisadi hüquq dünya ölkələrinin əksəriyyətində inkişaf etmiş səviyyəyə çatmışdır. Düzdür, bu inkişaf səviyyəsi müvafiq ölkənin çoxillik təcrübəsinin nəticəsi, özəl sektorun çoxşaxəli və sıx əlaqəli inkişafı və çoxsaylı böhranlardan çıxması ilə əlaqədardır.  Belə ki, Azərbaycan gənc ölkədir və burada bəzi qanunlar praktiki olaraq hələ də tətbiq edilməyib. Dolayısı ilə iqtisadi qanunvericilikdə də çatışmazlıq və boşluqlar vardır ki, bu da normaldır və öz həllini vaxt keçdikcə tapacaqdır.

Yeri gəlmişkən qeyd edim  ki, dünya ölkələrinin əksəriyyətində iqtisadi tənzimlənməni həyata keçirərkən iqtisadiyyat və hüququn vəhdətindən yaranan iqtisadi hüquq elminə əsaslanırlar. İqtisadi hüquq “bussines law” adı ilə xarici universitetlərin əksəriyyətində ixtisas kimi fəaliyyət göstərir və müvafiq sahənin peşəkarlarını yetişdirir ki, həmin iqtisadi hüquqçular da iqtisadiyyatın hüquqa əsaslanan tənzimlənməsini daha səmərəli, operativ və təkmil şəkildə həyata keçirirlər. “Business law” ABŞ başda olmaqla inkişaf etmiş ölkələrin əksəriyyətində illərdir ki, vardır və universitetlərdə tədris olunur. Azərbaycanda “İqtisadi hüquq” ixtisası hazırda yalnız Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyat” fakültəsində tədris olunur. Düzdür, Bakı Dövlət Universiteti başda olmaqla bəzi universitetlərdə də “Mülki hüquq” ixtisası tədris olunur, lakin iqtisadi hüquq mülki hüquqdan daha geniş miqyasa malikdir. Bundan əlavə, “Mülki hüquq” Hüquq fakültəsinin nəznindədirsə, “İqtisadi Hüquq” İqtisadiyyat fakültəsinin tərkibindədir. Fikrimizcə, iqtisadiyyatın tənzimlənməsini hüquqi yolla həyata keçirilməsini tədris edən ixtisas iqtisadi fakültələrin tərkibində olmalıdır və ya yalnız “İqtisadi nəzəriyyə” ilə kifayətlənilməməlidir.

Əvvəla, iqtisadiyyatın tənzimlənməsi zamanı hüquqşünaslar birinci növbədə hüquqa söykənirsə, iqtisadçılar birinci növbədə iqtisadiyyata söykənir. İkincisi, hüquqşünaslar qanunvericilikdə nəzərdə tutulmuş şəkildə iqtisadiyyatı tənzimləyirlərsə, iqtisadçılar səmərəlilik və maksimum fayda çərçivəsində və müvafiq hüquqi bazaya əsaslanmaqla iqtisadiyyatı tənzimləyirlər. Eyni zamanda, müasir dövrdə innovativ proseslər iqtisadi inkişafa gətirib çıxarır ki, bu da özünü iqtisadi qanunvericilikdə də göstərməlidir. Lakin, nəzər yetirərkən görərik ki, bəzi qanunlar həmin yenilikləri özündə əks etdirmirlər, məsələn hazırda qüvvədə olan reklam qanunvericiliyi kimi. Onu da qeyd etmək lazımdır ki, hər yeniliyə görə də qanunvericiliyi tez bir zamanda dəyişmək olmur, çünki qanunvericilik proseduruna əsasən bu mərhələli prosesdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, iqtisadiyyatın tənzimlənməsində iqtisadçı və hüquqşünasların arasındakı ən əsas fərq isə bundan ibarətdir ki, iqtisadçılar məhdud resurslardan maksimum istifadə edərək  cəmiyyətin sosial rifahını artırırlarsa, hüquqşünaslar ədaləti təmin edirlər. Belə ki, iqtisadiyyatın istənilən sahəsində yeni inkişaf amilləri müəyyən edilməsində də, tənzimlənmənin formalarının müəyyənləşdirilməsində də əsasən iqtisadçılar mühüm rol oynayırlar. Çünki iqtisadçılar yeni fikir yaradıb onu hüquqla tənzimləyirlərsə, hüquqşünaslar qanunvericiliyə əsaslanaraq yalnız tənzimləmə ilə kifayətlənirlər.

Burada izaha ehtiyacı olan məsələlərdən biri də “tənzimlənmə” anlayışıdır. İqtisadiyyatın tənzimlənməsi dedikdə, iqtisadiyyatın məhdudlaşdırılması, onun tamamilə inzibatiləşdirilməsi və dövlətin diktəsi ilə fəaliyyəti başa düşülməməlidir. Müasir dövrdə iqtisadiyyatın tənzimlənməsi stimullaşdırma mexanizminə əsaslanan, yenilikçiliyi dəstəkləyən, iqtisadi subyektlər üçün mükəmməl şərait yaradan, investisiya mühitini mülayimləşdirən, bank hüququnu daha da şəffaflaşdıran, yeni biznes yaradılması imkanlarının əlçatan olmasından və s. kimi amilləri əsas almalıdır.

Bütün bunları nəzərə alaraq, bildirmək istərdim ki, Azərbaycan bazar iqtisadi münasibətlərində irəlilədikcə, iqtisadiyyatın tənzimlənməsi məsələsi mütəmadi olaraq meydana çıxacaqdır ki, bunu da nə sırf hüquqşünaslar, nə də sırf iqtisadçılar edə bilməyəcəklər, bunu iqtisadi hüquqçular edəcəkdirlər. Bu daha səmərəli, təkmil və peşəkarcasına olacaqdır. Bunun üçün də iqtisadi hüquq elminin daha da inkişaf etməsi, onun elmi və praktiki səviyyədə yerinin daha dəqiq müəyyənləşdirilməsi, ən əsası iqtisadi hüquq üzrə ixtisaslı kadrların hazırlanması məsələsinin diqqət mərkəzində olması mühüm əhəmiyyət kəsb edir.

Son xəbərlər
Digər xəbərlər