Bu ilin 6 ayında iqtisadi artımın həm daxili (ev təsərrüfatları və dövlət istehlakı), həm də xarici tələb (xalis ixrac) amilləri hesabına təmin edildiyi qənaətinə gəlinib.
Bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatda əksini tapıb.
Qeyd edilib ki, iqtisadi artımın hərəkətverici qüvvəsi istehlak və xalis ixrac komponentləri olub. İstehlakın stimullaşdırılmasına büdcə xərclərinin, o cümlədən sosialyönümlü xərclərin artımı da töhfə verib. Dövlət istehlakının komponentlərindən olan malların (işlərin və xidmətin) satın alınması əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,2% azalsa da, əməyin ödənişi xərclərinin 29,8% artması bu faktorun iqtisadi artıma müsbət töhfə verməsinə imkan vermişdir.
Malların idxalında qeydə alınan artım əsasən dövlət sektoru hesabına mümkün olsa da, mallar üzrə ən böyük müsbət saldo dövlət sektoru üzrə qeydə alınıb. Dövlət sektorunda ixracın idxalı kəskin fərqlə üstələməsi məcmu tələbin xalis ixrac faktoru ilə dəstəklənməsinin dövlət sektoru vasitəsilə də reallaşdığını deməyə imkan verir.