21 C
Baku
Monday, April 29, 2024

Iqtisadi inkişafda Mərkəzi Bankın pul-kredit siyasətinin rolu

Pul-kredit siyasəti iqtisadi proseslərin çevik idarə edilməsi və stabilləşdirilməsi üçün Mərkəzi Bankın (MB) tədbirlər sistemindən ibarətdir. MB-nin pul siyasətinin əsas məqsədi inflyasiyanı nəzarət altında saxlamaqla yeni iş yerlərinin açılmasına və əhalinin tam məşğulluğuna, iqtisadi artıma nail olmaq üçün ölkədə münbit maliyyə mühiti yaratmaqdır.

Bu məqsədlərin əldə edilməsində MB pul kütləsinin tənzimlənməsindən geniş istifadə edir. Çünki, pul kütləsi qiymətlərin sabilliyində, ümumi tələb və təklifin balanslaşdırılmasında mühüm amil hesab edilir. Başqa sözlə dövriyyədə arxasında real əmtəə dayanmayan pul kütləsininin artması inflyasiyanın başlıca səbəblərindəndir. Ümumiyyətlə, Mərkəzi Bank elə bir optimal qiymət hədləri formalaşdırmağa çalışır ki, həm istehsalçının və istehlakçının maraqları uzlaşsın, həm də iqtisadi artım baş versin. Bunun üçün Mərkəzi Bank bir rəqəmli inflyasiya səviyyəsinin formalaşdırılmasını hədəfləyir. Müasir iqtisadi sistemlərdə sıfır inflyasiyalı iqtisadiyyat yoxdur. Çünki qiymətlər həddən aşağı düşəndə istehsalçı kifayət qədər mənfəət əldə edə bilmir və istehsala marağı azalır. İnkişaf etmiş ölkələrdə illik 3-4 faizlik inflyasiyadan iqtisadi artımı stimullaşdırmaq üçün istifadə edilir.

    İqtisadiyatın sabit inkişafı üçün pul təklifinin iqtisadi şəraitə uyğunlaşdırılması vacibdir. Böhran dövründə iqtisadiyatda investisiya fəallığını artırmaq və canlanma yaratmaq üçün Mərkəzi Bank kommersiya banklarının kredit əməliyatlaıını stimullaşdırmaqla pul təklifini artırır. Bu da ödəmə qabiliyyətli tələbin artmasına səbəb olur. Nəticədə qiymətlər artır və istehsalın həcminin artmasına maddi maraq yaradır. 2008–ci ildə dünya böhranından sonra tikinti sektorunda yaranan durğunluğu aradan qaldırmaq üçün AMB ipoteka kreditlərinin verilməsində də bu amacı güdürdü: ipoteka kreditləri mənzilə tələbatı artıracaq. Bu da qiymət artımı yaradaraq mənzil tikintisi və onunla bağlı olan digər sahələri gəlirli sahəyə cevirəcək, buraya investisiya yatırımına və tikilən mənzillərin miqdarının artmasına şərait yaradacaq. Nəticədə qiymətlər sabitləşəcək, həmçinin mənzilə tələbatın ödənilməsi yaxşılaşacaq. Bununla belə, AMB qiymət artımını o zamana qədər qaldırmağı fayadlı hesab edir ki, qiymətin artım tempinə nisbətdə istehsalın artımı üstünlük təşkil etsin. Belə olduqda inflyasiya istehsalı stimullaşdırma aləti rolunu oynaya bilir.

   Bazar iqtisadiyyatının daim bir düz xətt üzrə yüksəlməsi mükün deyil. Onun üçün enib qalxmalar, obrazlı desək, dəniz kimi dalğalamar xarakterikdir. Bu tamamilə normal haldır. Lakin burada əsas məsələ kəskin dalğalanmaların (volatilliyin) qaşısının alınması və ritmliyin qorunmasıdır. Əks halda iqtisadi prosseslər nəzarətdən çixaraq, sanki dənizdə fırtına effekti yaradar. Bu məsələnin həlli Mərkəzi Bankın pul siyasətinin əsas vəzifələrindədir. İqtisadiyyatda fırtınaların baş verməməsi üçün AMB qiymətlərin həddən aşağı düşdüyü və işsizlik şəraitində bankların kredit əməliyyatlarının artırılmasına, yüksək inflyasiya zamanı isə azaldılmasına yönəlik tədbirlər həyata keçirir. Mərkəzi Bank pul təklifini və bankların kredit əməliyyatlarını tənzimləmək üçün əsasən aşağıdakı mexanizmlərdən istifadə edir:

 1. Açıq bazar əməliyyatları. Açıq bazarda əməliyyatlar (ABƏ) dövlətin buraxdığı qiymətli kağızlarla, AMB-nin özünün buraxdığı qiymətli kağızlarla, eləcə də xarici valyuta ilə bankların alqı satqı əməliyyatlarını nəzərdə tutur. ABƏ ilə Mərkəzi Bank iqtisadiyyata pul təklifini tənzimləyir. Belə ki, Mərkəzi Bank kommersiya banklarından aldığı qiymətli kağızların əvəzində pul verir. Bununla banklar əlavə vəsait əldə edirlər və onu kredtə verməklə dövriyyədəki pul təklifini artırırlar. Mərkəzi banklar qiymətli kağızları satdıqda isə əks proses gedir və pul dövriyyədən çıxmış olur. Mərkəzi Bankın açıq bazar əməliyyatlarında repo və əks repo əməliyyatları pul təklifinin çevik tənzimlənməsində istifadə edilən əsas alətlərdəndir. Repo dedikdə MB tərəfindən qiymətli kağızların kommersiya banklarına satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatı nəzərdə tutulur. Bu əməliyat dövriyyədə olan pul kütləsinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir.

 Əks repo isə MB tərəfindən qiymətli kağızların kommersiya banklarından alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra geri satılmasını nəzərdə tutan əməliyyatdır. Əks repoda məqsəd dövriyyədə olan pul kütləsinin qısamüddətli dövrdə artırılmasıdır.

 2. Uçot (faiz) dərəcəsi aləti. Uçot dərəcəsi ilə MB kommersiya banklarının kredit faizlərini artırıb azldır. Buna yğun olaraq da kredit və pul təklifi artıb azalır. MB kommersiya banklarına müəyyən faizlə (uçot dərəcəsi ilə) kreditlər verir. Bu kreditlərin faizlərinin üzərinə kommersiya bankları öz faizlərini qoyub yenidən digər iqtisadi subyektlərə verir. Uçot dərəcəsi yüksək olduqda kommersiya bankının da kredit faizi çoxalır. Bu da kreditə tələbi azaltmaqla son nəticədə pul təklifini də azaldır. Uçot dərəcəsi aşağı düşdükdə isə əks proses baş verir. Qeyd etmək lazımdır ki, faiz dərəcələri pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Kreditlərin faizinin səviyyəsindən asılı olaraq pul siyasəti ucuz və bahalı adlanır. Kredit faizi nə qədər yüksək olsa, kredit o qədər bahalı olur. İşsizlik və depresiya dövründə MB ucuz pul (aşağı fazli kredit) siyasəti yeridir. Bunun üçün MB qiymətli kaşızları alır, məcburi ehtiyat normasını və uçot(faiz) dərəcəsini aşağı salaraq pul təklifini artırır. 2008-ci ilin dünya maliyyə böhranın zamanı Mərkəzi Bank bu cür siyasət aparmışdır. İnflyasiyanın yüksəldiyi şəraitdə isə onu azaltmaq məqsədilə bahalı pul siyasəti yürüdülərək pul təklifi azaldılır. Bahalı pul siyasətində Mərkəzi Bank qiymətli kağızları satır, məcburi ehtiyat normalarını və uçot (faiz) dərəcəsini qaldıraraq pul təklifini azaldır.

 3. Məcburi ehtiyatlar norması (MEN). MEN kommersiya banklarının cəlb etdikləri depozitlərin müəyyən hissəsinin Mərkəzi Bankda məcburi qaydada saxlamasıdır. Bu zaman kommersiya bankının kredit resursları məcbur ehtiyat qədər azalır. Məcbur ehtiyatalar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti daha da daralır. ME həm də Mərkəzi Bankın kommersiya bankı üzərində nəzarət mexanizmidir. ME bankın müştəriləri qarşısında öhtəliklərini yerinə yetirməsində sığortalayıcı funksiyasını yerinə yetirir. Depozitlərin ödənişində banklar problemlə üzləşdikdə məcburi ehtiyatlar bir təminat rolunu oynayır. Depozitlərin ödənişindəki problemlər bank sisteminə qarşı inamı sarsıdır. Azərbaycan Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fondunun yaradılması banklara inamı artırmışdır. İndi 30 min manat məbləğində 12 %-lə qoyulmuş əmanətlər sığortalanır.

 Mərkəzi Bank maliyyə sabitliyinin təmin edilməsi və iqtisadi işgüzarlığın təşviq edilməsində valyuta məzənnəsinin tənzimlənməsindən də istifadə edir. Valyuta məzənnəsi hər hansı xarici valyutanın milli valyutada ifadə olunan dəyəridir. Məsələn, 1USD = 0,80 AZN. Valyuta məzənnəsinin inflyasiyaya təsir edir. Bu təsir əsasən idxal qiymətləri vasitəsilə baş verir. Milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən yüksəldikdə idxal qiymətləri ucuzlaşır. Milli valyutanın məzənnəsi xarici valyutalara nəzərən aşağı düşdükdə isə idxal malları bahalaşır. Məsələn, fərz edək ki, idxal olunan hər hansı məhsulun qiyməti 1000 ABŞ dolları, 1 dolların manata nəzərən məzənnəsi 0,9 AZN-dir (1AZN=1,11dollar). Bu halda həmin idxal malının manatla qiyməti 1000×0.9=900 manat olacaqdır. Manat dollara nəzərən möhkəmlənərsə, məsələn, 1ABŞ dollarının məzənəsi 0,9 manatdan 0,8 manata enərsə, onda idxal malının qiyməti 1000x 0.80=800 manata enəcəkdir. Dollarin məzənnəsi 0.9 manatdan 1 manata yüksəldiyi halda isə idxal malının qiyməti 900 manatdan 1000 manata qalxacaqdır. Daxili istehlak mallarında idxal mallarının xüsusi çəkisi nə qədər çox olarsa, məzənnənin ümumi inflyasiya səviyyəsinə təsiri də bir o qədər çox olar. Ona görə də Mərkəzi Bankın məzənnə siyasəti inflyasiyanın məqbul səviyyəsini təmin etməklə yanaşı daxili istehsalın inkişafı və iqtisadiyyatın ixrac yönümlüyünə isitiqamətlənir. Əgər Mərkəzi Bank manatın məzənnəsini tamamilə bazarın ixtiyarına buraxsa, manat xarici valyutalara nəzərən daha da möhkəmlənər, deyək ki, 1Dollar=0,5manat olar ki, bu da idxalatı təşviq edəcək. Buna şərait yaradan əsas amill neft gəlirləridir. Iqtisadiyyatda paradoksal belə bir vəziyyətintin yaranması Holland sindromu adlandırılır. Holland sindromu terminini ilk dəfə The economist jurnalı 1950-ci illərdə qaz ixracından əldə etdiyi külli miqdarda valyuta gəlirlərinin Hollandiya iqtisadiyyatına neqtiv təsiri xarakterizə edərkən iqtisadi leksiona gətirmişdir. Hollan sindromu təbii resursların istehsalı və ixracının artması nəticəsində ölkəyə xarici valyuta axınının yaratdığı effektdir. Bu effekt ona görə xəstəlik adlanır ki, daxildə valyuta təklifinin artması milli valyutanın real dəyərini artırır. Yerli valyutanın həddən ziyadə qiymətlənməsi (məsələn, 1Dollar=0,5manat.) idxal mallarını yerli valyutada ucuzlaşdırır və ixracatı mənasızlaşdırır. Bu isə xarici istehsalın yerli istehsal üzərində müqayisəli üstünlüyünə səbəb olur. Nəticədə yerli istehsala maraq ölür, iş yerləri bağlanır və işsizlik artır. Bu isə Mərkəz Bankın pul siyasətinin məqsədlərinə uyğun deyildir. Odurki,  Mərkəzi Bank manatın məzənnəsinin valyuta təklifi və tələbi əsasında dəyişməsini vacib hesab edir, lakin maliyyə sabiyliyi prioritetliyini də nəzərə alaraq, məzənnənin kəskin volatiliyinə yol verməyəcəyini “2011-ci il üzrə pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə” bəyantında elan etmişdir. Həmçinin, uzun müddətli dövrdə Mərkəzi Bank inflyasiyanın daha effektli hədəflənməsini təmin etmək üçün çevik məzənnə rejimlərinə keçid prosesini davam etdirəcəkdir. Belə ki, dünya təcrübəsində çevik məzənnə rejimləri pul pul küləsinə nəzarətin gücləndirilməsinin başlıca şərti hesab edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər